AnalitikaGündəmSiyasət

Azərbaycan-Laos münasibətlərində tarixi səhifə: Yeni əməkdaşlıq mərhələsinin başlanğıcı   

Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Oktyabrın 13-də Bakıda baş tutan yüksək səviyyəli görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm dönüş nöqtəsinə çevrilib. Bu baxımdan, Laos Prezidenti Thonqlun Sisulitins Azərbaycana rəsmi səfəri ikitərəfli əməkdaşlıq tarixində mühüm bir hadisə kimi yadda qalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit təkbətək, eləcə də geniş tərkibdə uğurlu danışıqlar aparıblar.

Danışıqlardan sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış edərək səfərin nəticələrini yüksək qiymətləndiriblər.

Prezident İlham Əliyev mətbuata bəyanatında bu səfərin xüsusi çəkisini vurğulayaraq qeyd etmişdir: “Onu da bildirməliyəm, cənab Prezident mənə məlumat verdi ki, vaxtilə keçən əsrin 80-ci illərində Azərbaycanda olub, amma bu, bizim tariximizdə Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir”.

Bu tarixi səfər iki ölkə arasında illərdir mövcud olan dostluq münasibətlərinin praktiki müstəviyə keçdiyini nümayiş etdirir.

Laos Prezidenti Thonqlun Sisulit Bakıya səfər etməkdən məmnunluğunu ifadə edərək, göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Azərbaycanın Asiya istiqamətində yürütdüyü xarici siyasət son dərəcə dinamik və nəticəyönümlü xarakter daşıyır. Bakı və Vientyan beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Qoşulmama Hərəkatı və BMT çətiri altında bir-birini hər zaman dəstəkləyiblər.

Prezident İlham Əliyev görüş zamanı bildirib ki, bu səfərin əsas nəticələrindən biri məhz siyasi əlaqələrimizin daha da güclənməsi olacaqdır. Tərəflər beynəlxalq təhlükəsizlik, sülh və çoxtərəfli diplomatiya məsələlərində ortaq dəyərləri bölüşdüklərini təsdiqləyiblər.

Hər iki ölkə milli suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqliklərini nümayiş etdiriblər. Siyasi dialoqun inkişafı gələcəkdə digər sahələrdə də körpülərin salınmasına zəmin yaradır.

İkitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində dövlət başçılarının siyasi iradəsi əsas təkanverici qüvvədir. Səfər çərçivəsində qəbul edilən birgə sənədlər əməkdaşlığın hüquqi bazasını əhəmiyyətli dərəcədə gücləndirib.

Laos Prezidentinin Azərbaycana rəsmi səfəri və səsləndirilən bəyanatlar göstərir ki, coğrafi uzaqlığa baxmayaraq, ortaq dəyərlər və səmimi dostluq münasibətləri iki ölkəni bir-birinə yaxınlaşdırır. Yeni mərhələyə qədəm qoyan bu əməkdaşlıq gələcəkdə daha böyük uğurlara imza atmaq üçün möhkəm təməl yaradır.

Pərvin Məmmədli,
Nizami rayonu 312 saylı məktəbin tarix müəllimi  

Oxşar Xəbərlər

Back to top button