AnalitikaGündəmSiyasət

YAP VIII Qurultayı: dövlətçilik ənənələrinin yeni siyasi reallıqlara uyğun inkişafı

YAP VIII Qurultayı Azərbaycanın dövlətçilik tarixində formalaşmış siyasi ənənələrin müasir dövrün tələbləri ilə uzlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətçilik yalnız müəyyən tarixi mərhələnin siyasi nailiyyəti deyil, nəsildən-nəslə ötürülən məsuliyyət və strateji düşüncə sistemidir. Azərbaycan müstəqilliyini möhkəmləndirdikcə dövlətçilik institutlarının inkişafı, milli maraqların qorunması və siyasi sabitliyin təmin olunması daha böyük əhəmiyyət qazanıb. YAP da bu prosesdə dövlətçilik ideyasının siyasi təşkilatlanma müstəvisində əsas daşıyıcılarından biri kimi çıxış edib.

Müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin siyasi irsi xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsasını müstəqilliyin qorunması, güclü dövlət institutlarının yaradılması, milli həmrəyliyin təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi təşkil edirdi. Sonrakı mərhələdə Prezident İlham Əliyev bu siyasi xətti yeni çağırışlara uyğun şəkildə inkişaf etdirərək Azərbaycanın iqtisadi, hərbi və diplomatik imkanlarının genişləndirilməsinə nail olub.

YAP VIII Qurultayının mühüm məqamlarından biri dövlətçilik ənənələrinin artıq tam fərqli geosiyasi şəraitdə davam etdirilməsidir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Bu reallıq dövlətçilik gündəliyinə yeni məsələlər əlavə edir. İndi əsas məqsədlərdən biri əldə edilmiş tarixi nəticələri uzunmüddətli iqtisadi inkişaf, sosial rifah və regional sabitliklə möhkəmləndirməkdir.

Dövlətçilik ənənələrinin yaşadılması həm də gənc nəslin siyasi və vətəndaşlıq tərbiyəsi ilə bağlıdır. Gənclərin ölkənin tarixini, müstəqillik yolunu, milli maraqlarını və dövlətçilik prinsiplərini dərindən bilməsi gələcək siyasi sabitliyin mühüm şərtidir. YAP-ın gənclərlə işi bu baxımdan yalnız təşkilati fəaliyyət deyil, həm də dövlətçilik şüurunun möhkəmləndirilməsi prosesi kimi qiymətləndirilməlidir.

YAP VIII Qurultayı dövlətçilik ənənələrinin yeni mərhələdə daha da möhkəmləndirilməsi üçün siyasi istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas hədəfi güclü, müstəqil və rəqabətqabiliyyətli Azərbaycan qurmaqdır. Bu məqsədə çatmaq üçün siyasi sabitlik, milli birlik, iqtisadi güc və yüksək vətəndaş məsuliyyəti bir-birini tamamlamalıdır. YAP-ın qarşıdakı fəaliyyətində dövlətçilik ideyasının bu bütöv yanaşma çərçivəsində daha da gücləndirilməsi mühüm vəzifədir.

Nəzakət Bağırova,
YAP Nizami rayon təşkilatının “Əli Vəliyev küçəsi, 4” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button