Rəşadət Xalıqov: Cəbrayılın bərpası bu gün genişmiqyaslı dövlət quruculuğu prosesinin tərkib hissəsidir

“2020-ci il oktyabrın 4-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ilə Cəbrayıl şəhərinin və rayonun bir sıra yaşayış məntəqələrinin işğaldan azad edilməsi barədə tarixi xəbər elan olunması Zəfər tarixində müstəsna əhəmiyyət kəsb edir. Cəbrayıl 44 günlük Vətən müharibəsində azad edilən ilk şəhər kimi Zəfər salnaməsində xüsusi yer tutur. Bu hadisə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, dövlətin siyasi iradəsinin və ərazi bütövlüyünün bərpasına yönəlmiş ardıcıl strategiyanın mühüm nəticələrindən biri oldu. Cəbrayılın azadlığı ilə şəhərin tarixində yeni siyasi və hüquqi reallıq yarandı. 2020-ci ilin noyabrında Prezident İlham Əliyevin Cəbrayıla səfəri zamanı Azərbaycan bayrağının şəhərdə ucaldılması azad edilmiş ərazilərdə dövlət idarəçiliyinin və suverenliyin bərpasının mühüm rəmzinə çevrildi.”
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Cəbrayılın bərpası bu gün genişmiqyaslı dövlət quruculuğu prosesinin tərkib hissəsidir. 2021-ci ildə şəhərin bərpası ilə bağlı mühüm layihələrin təməli qoyuldu, sonrakı mərhələdə yaşayış, sosial, enerji, nəqliyyat və iqtisadi infrastrukturların yaradılmasına başlanıldı. 2024-cü ildə Cəbrayıl şəhərində ilk yaşayış kompleksinin istifadəyə verilməsi və sakinlərin qayıdışının başlanması Böyük Qayıdış siyasətinin praktiki nəticələrindən biri oldu. 4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi təsis edilməsi isə bu tarixi hadisənin milli yaddaşda xüsusi yerinin rəsmiləşdirilməsidir. 31 iyul 2023-cü il tarixli Prezident Sərəncamı ilə hər il 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunur. Bu tarix bir tərəfdən Zəfəri, digər tərəfdən isə azad edilmiş şəhərdə yeni həyatın qurulması prosesini ifadə edir.
“Bu gün Cəbrayılın siması sürətlə dəyişir. Yeni yaşayış məhəllələri, məktəblər, sosial obyektlər, yollar, enerji və rəqəmsal infrastruktur, iqtisadi layihələr şəhərin gələcək inkişafının əsasını formalaşdırır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı kimi layihələr Cəbrayılın həm də istehsal, investisiya və məşğulluq imkanlarına malik iqtisadi mərkəz kimi inkişaf etdirilməsi məqsədini göstərir. Vətəndaşların doğma yurdlarına qayıdışı ilə yanaşı, həyatın bütün sahələrinin həmin məkanda yenidən qurulması Böyük Qayıdışın mahiyyətini göstərir”.
Rəşadət Xalıqov əlavə edib ki, Cəbrayılın bugünkü inkişaf modelində Zəfər və quruculuq bir-birini tamamlayan iki mərhələdir. 2020-ci ilin 4 oktyabrı torpağın azadlığını, sonrakı illər isə həmin torpaqda həyatın bərpasını ifadə edir. Şəhərə qayıdan ailələr, istifadəyə verilən yeni yaşayış məkanları, formalaşan sosial infrastruktur və yaradılan iqtisadi imkanlar Zəfərin real və davamlı nəticələrini ortaya qoyur.



