AnalitikaGündəmSiyasət

Milli birlik ideyası və 3 oktyabr 1993-cü il

Milli birlik dövlətçilik üçün yalnız mənəvi anlayış deyil, eyni zamanda siyasi sabitliyin əsas şərtlərindən biridir. Müstəqilliyin ilk illərində Azərbaycan cəmiyyətində siyasi fikir ayrılıqları ilə yanaşı, regional və sosial parçalanma təhlükələri də mövcud idi. Belə bir şəraitdə dövlətin əsas vəzifələrindən biri müxtəlif sosial, siyasi və etnik qrupların vahid dövlətçilik ideyası ətrafında birləşdirilməsi idi. 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi bu baxımdan mühüm tarixi mərhələ oldu.

Ulu Öndər Heydər Əliyevin siyasi baxışlarında Azərbaycan xalqının vahidliyi mühüm yer tuturdu. Onun müxtəlif çıxışlarında və görüşlərində ölkədə yaşayan bütün xalqların və etnik qrupların bərabər hüquqlara malik olması fikri xüsusi vurğulanırdı. Bu yanaşma dövlətçiliyin etnik və ya regional parçalanma üzərində deyil, vahid Azərbaycan vətəndaşlığı və ümumi dövlət maraqları üzərində qurulması prinsipini önə çıxarırdı.

1993-cü il 3 oktyabr seçkisi bu siyasi yanaşmanın ümumxalq səviyyəsində legitimləşməsi baxımından da mühüm hadisə idi. Seçki ölkənin gələcək siyasi kursunun müəyyənləşdirilməsində cəmiyyətin iştirakını təmin edən əsas mexanizmlərdən biri oldu. Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi ilə dövlət idarəçiliyində milli birlik və sabitlik məsələləri daha sistemli siyasi xəttə çevrildi.

1995-ci ildə qəbul edilən Konstitusiyada da Azərbaycan xalqının vahidliyi və dövlətin bütün vətəndaşlar üçün ümumi və bölünməz vətən olması prinsipi öz əksini tapdı. Bu müddəalar milli birlik anlayışının yalnız siyasi çağırış kimi deyil, konstitusion prinsip kimi də möhkəmləndirilməsini göstərirdi.

Bu səbəbdən 3 oktyabr 1993-cü il tarixini milli birlik baxımından təhlil edərkən əsas diqqət seçkinin nəticəsindən daha geniş prosesə yönəldilməlidir. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə dövlətçilik, milli birlik və siyasi sabitlik arasında qarşılıqlı əlaqənin yeni mərhələsi formalaşdı. Bu mərhələ Azərbaycanın sonrakı dövlət quruculuğu prosesində mühüm siyasi dayaqlardan birinə çevrildi.

Pərviz Həsənov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button