
Dövlətin inkişafı üçün siyasi sabitlik fundamental əhəmiyyət daşıyır. Xüsusilə müstəqilliyinin ilk illərini yaşayan ölkələrdə siyasi sabitliyin qorunması dövlət quruculuğunun bütün digər istiqamətlərinin uğurla həyata keçirilməsi üçün əsas şərtlərdən biridir. Azərbaycan da 1993-cü ildə məhz belə mürəkkəb siyasi şəraitdə idi. Bu baxımdan 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ölkənin siyasi tarixində yeni mərhələnin başlanması kimi qiymətləndirilir.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin ilk mərhələsində əsas məsələlərdən biri ölkədə idarəolunan siyasi mühitin yaradılması idi. Dövlət institutlarının fəaliyyətinin bərpası, qanunçuluğun təmin edilməsi və ictimai asayişin qorunması dövlətçilik üçün zəruri şərtlər idi. Çünki siyasi qeyri-sabitlik yalnız hakimiyyət strukturlarına deyil, iqtisadiyyata, sosial həyata və ölkənin beynəlxalq mövqeyinə də birbaşa təsir göstərirdi.
3 oktyabr seçkisi siyasi sabitliyin institusional əsaslarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdı. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi siyasi hakimiyyətin ümumxalq seçimi əsasında legitimləşdirilməsi prosesini tamamladı. Bu isə ölkənin qarşısında duran mürəkkəb məsələlərin vahid dövlət siyasəti çərçivəsində həllinə imkan yaratdı.
Siyasi sabitliyin möhkəmlənməsi sonrakı mərhələdə hüquqi dövlət quruculuğu ilə paralel inkişaf etdi. 1995-ci ildə qəbul edilən Konstitusiya dövlət hakimiyyətinin hüquqi əsaslarını müəyyənləşdirdi. Bununla yanaşı, vətəndaş hüquqlarının müdafiəsi, siyasi iştirak imkanları və dövlət-vətəndaş münasibətlərinin hüquqi çərçivəsi daha sistemli şəkildə müəyyən edildi.
Nəticə etibarilə, 3 oktyabr 1993-cü il Azərbaycan üçün siyasi sabitliyə aparan mühüm tarixi mərhələdir. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə dövlət idarəçiliyinin qarşısında duran əsas vəzifələrdən biri ölkədə sabit və idarəolunan siyasi sistemin yaradılması oldu. Sonrakı dövlət quruculuğu proseslərinin, iqtisadi inkişafın və beynəlxalq siyasətin əsaslarından biri məhz bu siyasi sabitlik mühitində formalaşdı.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



