AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

27 Sentyabr, Anım Günü: Şəhid qanından doğan Zəfər

Elə tarixlər var ki, onlar yalnız təqvimdə qeyd olunan gün deyil, xalqın milli yaddaşına həkk olunan hadisələrin rəmzinə çevrilir. 27 Sentyabr Azərbaycan xalqı üçün belə müqəddəs tarixlərdəndir. Bu gün Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad etdiyimiz, onların fədakarlığının mahiyyətini bir daha dərk etdiyimiz gündür. Eyni zamanda, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin və xalqımızı tarixi Zəfərə aparan yolun başlanğıcıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi təsis edilib. Bu qərar Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq göstərmiş hərbçilərimizin, şəhidlərimizin və mülki şəxslərimizin xatirəsinə dövlət səviyyəsində göstərilən ehtiramın ifadəsidir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması nəticəsində hərbi qulluqçular və mülki şəxslər arasında itkilər baş verdi. Azərbaycan Ordusu hücumların qarşısının alınması məqsədilə əks-hücum əməliyyatına başladı. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi başlandı. Müharibənin ilk günlərindən Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək mühüm strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Suqovuşan, Hadrut və çoxsaylı kəndlər azad edildi.

Bu tarixi yolun ən mühüm mərhələlərindən biri 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi oldu. Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq nəticəsində Şuşanın azad olunması Vətən müharibəsinin gedişində həlledici əhəmiyyət daşıdı. Üçrəngli bayrağımızın Şuşada ucaldılması xalqımızın uzun illər davam edən həsrətinin sona çatmasının və tarixi ədalətin bərpasının rəmzinə çevrildi. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə olmaqla yanaşı, dövlətimizin gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini və xalqımızın milli iradəsini nümayiş etdirdi.

Lakin bu Zəfərin ən böyük və müqəddəs qiyməti şəhidlərimizin canı oldu. Onlar Vətən naminə həyatlarını fəda edərək Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini yazdılar. Bu gün azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan bayrağı onların uğrunda mübarizə apardıqları müqəddəs amalın gerçəkləşməsinin ifadəsidir. Şəhidlərimizin qəhrəmanlığı ilə yanaşı, onların ailələrinin göstərdiyi mənəvi dözüm də xüsusi ehtirama layiqdir. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən sosial diqqət və qayğı Vətən qarşısında xidmətin yüksək qiymətləndirilməsinin mühüm göstəricisidir.

Vətən müharibəsi eyni zamanda Azərbaycan xalqının milli həmrəyliyinin və xalq–Ordu birliyinin tarixi nümunəsi oldu. Cəbhədə hərbçilərimiz döyüşərkən, arxa cəbhədə xalqımız vahid məqsəd ətrafında birləşdi. Dövlətin siyasi iradəsi, Ordunun gücü və xalqın həmrəyliyi Azərbaycanın Zəfərinin mühüm dayaqlarını təşkil etdi. Zəfərdən sonra isə qarşıda yeni vəzifələr yarandı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir yaşayış məntəqələri və sosial infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Döyüş meydanından quruculuq meydanına keçid Azərbaycanın Zəfər tarixinin yeni mərhələsidir.

Bu gün 27 Sentyabrı qeyd etmək həm də şəhidlərimizin bizə əmanət etdiyi Vətənin gələcəyi qarşısında məsuliyyətimizi dərk etmək deməkdir. Onların adını yaşatmaq, qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq, şəhid ailələrinə ehtiram göstərmək və azad edilmiş torpaqlarda qurulan yeni həyatı qorumaq hər birimizin mənəvi borcudur.

27 Sentyabr,Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, onların qarşısında baş əyirik.

Şəhidlərimizin qəhrəmanlığı tariximizdə, müqəddəs xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Şəhidlər ölməz, Vətən bölünməz!

Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatı “Bəhruz Buriyev küçəsi, 10a” ərazi partiya təşkilatının sədr müavini, Nizami Bələdiyyəsinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button