AnalitikaDünyaGündəmSiyasət

İslam Həmrəyliyinin Mərkəzində Azərbaycan

Sentyabrın 15-də Bakıda qlobal əhəmiyyətli daha bir mühüm tarixi hadisə baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Yəhya Bakuvi Beynəlxalq Konfransı iştirakçılarından ibarət geniş tərkibli nümayəndə heyətini qəbul etdi. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, eləcə də Şimali Qafqaz respublikalarının dini rəhbərlərinin iştirak etdiyi bu görüş, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həm Türk dünyası, həm də İslam coğrafiyasında birləşdirici və uzlaşdırıcı missiyasını bir daha nümayiş etdirdi. Dövlət başçısı bu mötəbər nümayəndə heyətini qəbul edərkən belə birgə tədbirlərin xalqlar arasındakı qardaşlıq tellərini daha da gücləndirdiyini və dünyaya güclü həmrəylik mesajı verdiyini diqqətə çatdırdı.

Görüşdə Azərbaycanın zəngin tarixi irsinə toxunan Prezident İlham Əliyev xalqımızın bəşər mədəniyyətinə dahi mütəfəkkirlər bəxş etdiyini bildirdi. Dövlət başçısı xüsusilə vurğuladı ki, TDT Müsəlman Dini Rəhbərləri Şurasının toplantısı ilə eyni vaxtda Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın keçirilməsi böyük rəmzi məna daşıyır. O, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai kimi şəxsiyyətlərin yaradıcılığının bütün İslam aləmi üçün böyük dəyər olduğunu xatırladaraq, Azərbaycanın qədim Atabəylər dövləti və Qafqaz Albaniyasının varisi kimi çıxış etdiyini, TDT daxilində yeganə Qafqaz ölkəsi olaraq Qafqazla Türk dünyasını bir-birinə sıx tellərlə bağladığını bəyan etdi.

Prezident İlham Əliyev müasir dövrdə dünyada və müsəlman aləmində baş verən prosesləri təhlil edərək Azərbaycanın sülhsevər mövqeyini bir daha açıqladı. O bildirdi ki, rəsmi Bakı həmişə İslam həmrəyliyini yalnız bəyanatlarla deyil, konkret əməli addımlarla gücləndirməyə çalışır. IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi və gələn il ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyi barədə faktlar, Prezident İlham Əliyevin İslam aləmindəki ixtilafların aradan qaldırılmasına yönəlmiş müdrik siyasətinin və qlobal sülhə verdiyi davamlı töhfələrin bariz göstəricisidir.

Nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlara, o cümlədən Ağdam, Xocalı və Şuşaya edəcəyi səfərə xüsusi diqqət çəkən Prezident İlham Əliyev, erməni vandalizminin dəhşətli fəsadlarını qonaqların diqqətinə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, 30 illik işğal dövründə 65 məscid dağıdılmış, bu müqəddəs məkanlarda heyvan saxlanılaraq bütün İslam dünyasına qarşı böyük təhqirə yol verilmişdir. Lakin Azərbaycan xalqı Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında öz hərbi gücü və qəhrəmanlığı hesabına bu ədalətsizliyə son qoydu. Hazırda 90 mindən çox insanın yenidən məskunlaşdığı dirçələn Qarabağ, Azərbaycanın gücünün, ədalətinin və mənəvi qələbəsinin ən aydın simvoludur.

Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button