AnalitikaGündəmSiyasət

Ağdərə – inkişaf imkanlarına açılan məkan

Ağdərə Qarabağın coğrafi və iqtisadi potensialı baxımından diqqət çəkən məkanlardan biridir. Onun gələcək inkişafı nəqliyyat əlaqələrinin, yaşayış məntəqələrinin bərpasının, sosial infrastrukturun və iqtisadi fəaliyyətin paralel şəkildə təşkilindən asılı olacaq. Bu baxımdan Ağdərənin yenidən qurulması yalnız keçmiş yaşayış mühitinin bərpası deyil, ərazinin yeni iqtisadi və sosial imkanlarının üzə çıxarılması prosesi kimi nəzərdən keçirilə bilər.

20 Sentyabrın Ağdərə şəhəri günü kimi müəyyənləşdirilməsi də bu şəhərin Azərbaycanın müasir tarixindəki yerini rəsmi şəkildə ifadə edir. Prezidentin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Bununla həmin tarix Qarabağın dörd şəhərinin yeni inkişaf mərhələsi ilə əlaqələndirilib.

Ağdərənin gələcəyində kənd və şəhər yaşayış məntəqələrinin bir-biri ilə əlaqəsi xüsusi əhəmiyyət daşıyacaq. Yol, elektrik, su, qaz, rabitə və digər infrastrukturların bərpası iqtisadi fəallığın əsas şərtlərini formalaşdırır. Bu baza yarandıqca yerli təsərrüfat fəaliyyətinin, xidmət sahələrinin və məşğulluğun inkişafı üçün yeni imkanlar meydana çıxır.

Ağdərəni gələcəyin inkişaf məkanlarından birinə çevirə biləcək əsas amillərdən biri onun Qarabağın ümumi nəqliyyat və iqtisadi sisteminə inteqrasiyasıdır. Burada görülən hər bir infrastruktur işi daha böyük regional sistemin hissəsinə çevrilə bilər. Buna görə Ağdərənin bərpası həm tarixi yaşayış məkanının yenidən qurulması, həm də Qarabağın gələcək inkişaf xəritəsində yeni bir istiqamətin formalaşdırılmasıdır.

Zəhra Xudiyeva, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button