AnalitikaGündəmSiyasət

Xankəndi – yeni Azərbaycanın yeni şəhər siması

Xankəndinin adı Azərbaycan tarixində xüsusi yer tutur. Qarabağın mühüm yaşayış məntəqələrindən biri olan şəhər tarixin müxtəlif mərhələlərində regionun ictimai-siyasi həyatında mühüm rol oynayıb. 2023-cü il sentyabrın 19–20-də baş vermiş hadisələrdən sonra Azərbaycan dövlət suverenliyini bütün ərazisində tam təmin etdi. Xankəndi də bu yeni reallığın əsas ünvanlarından biri oldu. 20 Sentyabrın Xankəndi şəhəri günü kimi müəyyən edilməsi şəhərin müasir tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir.

 

Xankəndinin gələcəyi artıq yalnız tarixi və siyasi müstəvidə deyil, şəhərsalma və sosial-iqtisadi inkişaf baxımından da gündəmdədir. Burada məqsəd şəhəri müasir standartlara uyğun şəkildə yenidən formalaşdırmaq, onun nəqliyyat, yaşayış və sosial infrastrukturunu inkişaf etdirməkdir. Prezident İlham Əliyevin Xankəndidə müxtəlif quruculuq layihələri ilə bağlı iştirakı dövlətin şəhərin gələcəyinə verdiyi əhəmiyyətin göstəricisidir. Xankəndidə Zəfər parkının yaradılması da şəhərin yeni simasının formalaşmasına yönəlmiş mühüm layihələrdən biridir.

 

Şəhərin nəqliyyat imkanlarının genişləndirilməsi də gələcək inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. 2025-ci ilin iyulunda Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub. Layihə Ağdam–Xankəndi dəmir yolu xəttinin davamı kimi nəzərdə tutulur və burada Əsgəran və Xocalı stansiyalarının, müxtəlif mühəndis qurğularının, keçidlərin və digər infrastruktur obyektlərinin yaradılması planlaşdırılır. Bu cür layihələr şəhərin yalnız fiziki bərpasına deyil, onun regionun nəqliyyat və iqtisadi sisteminə inteqrasiyasına da xidmət edə bilər.

 

Xankəndinin gələcəyi Qarabağın ümumi inkişaf mənzərəsindən ayrı düşünülə bilməz. Şəhərin küçələrində yeni həyatın formalaşması, sosial və ictimai məkanların yaradılması, nəqliyyat imkanlarının genişləndirilməsi və digər quruculuq layihələri Zəfərdən sonrakı dövrün mahiyyətini əks etdirir. Burada əsas məsələ yalnız binaların tikilməsi deyil, insanların yaşayacağı, işləyəcəyi, təhsil alacağı və gələcək quracağı şəhər mühitinin formalaşdırılmasıdır. Xankəndi bu baxımdan keçmişin deyil, gələcəyin şəhərinə çevrilmək istiqamətində inkişaf edir. Azərbaycan bayrağının dalğalandığı Xankəndidə bu gün tarix yazılmır, tarix həm də gələcək üçün qurulur.

Sülhanə Nəsibova,

YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button