
Suverenliyin fiziki və hərbi cəhətdən təmin edilməsi ilə yanaşı, onun mühüm humanitar ölçüsü də mövcuddur ki, bu da azad edilmiş torpaqların təhlükəsiz həyat üçün tam yararlı hala gətirilməsidir. 20 sentyabrda əldə edilən mütləq qələbə, Qarabağ və Şərqi Zəngəzurda mövcud olan qlobal problemə – mina terroruna qarşı mübarizəyə geniş meydan açdı. Yalnız mütləq dövlət nəzarəti bərpa olunduqdan sonra həmin ərazilərdə miqyaslı təmizləmə işlərini maneəsiz və sürətlə aparmaq mümkün oldu.
Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan Ermənistanın həyata keçirdiyi bu mina terrorunun insanlıq əleyhinə cinayət olduğunu bəyan etmişdir. Bu gün məhz Prezident İlham Əliyev tərəfindən ayrılan böyük resurslar hesabına Azərbaycan ərazilərin minalardan təmizlənməsi prosesini ən qabaqcıl texnologiyalardan istifadə edərək təkbaşına və sürətlə həyata keçirir. Suverenliyin tam bərpası qanunsuz silahlıların yeni minalar basdırmaq cəhdlərinin də qarşısını birdəfəlik aldı.
Bu təhlükəsizlik mühiti keçmiş məcburi köçkünlərin həyatını riskə atmadan doğma yurdlarına qayıtması üçün başlıca şərtdir. Minalardan təmizlənmiş hər bir hektar torpaq orada yeni evlərin tikilməsi, kənd təsərrüfatının bərpası və uşaqların yenidən o torpaqlarda sərbəst qaçıb oynaması deməkdir. Dövlətin öz vətəndaşının həyatını qorumaq üçün apardığı bu nəhəng fəaliyyət əsl suverenlik nümunəsidir.
20 Sentyabr Dövlət Suverenliyi Günü ölüm saçan torpaqların yenidən həyat qazanmasının, qorxunun ümidlə əvəzlənməsinin simvoludur. Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən bu böyük humanitar missiya xalqımıza sülh və arxayınlıq bəxş edir, bütöv Azərbaycanın hər qarışını təhlükəsiz və yaşanabilir bir məkana çevirir.
Şəbnəm Quliyeva,
YAP Nizami rayon təşkilatının fəalı



