AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev: Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada rolunun və təhlükəsizlik sahəsində əməkdaşlığının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüşdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş, Özbəkistan Prezidentinin yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekov, Qazaxıstan Respublikası Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva və Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağan iştirak ediblər.

Dövlət başçısı çıxışında TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı əlaqələrin və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, TDT artıq mühüm beynəlxalq nüfuza malik təşkilata çevrilib. Təşkilat çərçivəsində təhlükəsizliklə yanaşı, ticarət, nəqliyyat, enerji, multikulturalizm və humanitar əməkdaşlıq kimi müxtəlif istiqamətlər üzrə əlaqələr inkişaf etdirilir. Dövlət başçısı üzv dövlətlərin TDT-nin beynəlxalq arenadakı rolunun və mövqeyinin daha da gücləndirilməsində maraqlı olduğunu qeyd edib. Cənab Prezident TDT ölkələrinin geniş coğrafi məkanda yerləşdiyini və mühüm enerji və nəqliyyat dəhlizlərinin bu ərazilərdən keçdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, enerji və nəqliyyat təhlükəsizliyi müasir dövrdə ümumi təhlükəsizlik məsələlərinin mühüm tərkib hissəsidir.

İlham Əliyev Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsinin, Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi vasitəsilə, Türkiyə ilə isə geniş əlaqələrinin ölkənin enerji və nəqliyyat layihələrində mühüm rolunu şərtləndirdiyini bildirib.

Çıxışda Azərbaycanın TDT-yə üzv dövlətlərlə ikitərəfli münasibətlərinin də yüksək səviyyədə olduğu vurğulanıb. Prezident qeyd edib ki, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Həmçinin Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradıldığı və qarşılıqlı investisiyaların artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Ölkə rəhbəri beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə də toxunaraq TDT üzv ölkələrinin beynəlxalq hüquqa və beynəlxalq prinsiplərə bağlılığını davam etdirəcəyini bildirib. O, dünyada baş verən proseslərin təhlükəsizlik məsələlərinin regional əməkdaşlıq çərçivəsində daha fəal müzakirəsini zəruri etdiyini vurğulayıb.

Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş də çıxış edərək 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələdən sonra Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycanın Kahramanmaraşda həyata keçirdiyi layihələri Türkiyə-Azərbaycan həmrəyliyinin nümunəsi kimi qeyd edib.

Görüşdə səsləndirilən fikirlər TDT çərçivəsində təhlükəsizlik, enerji və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin və təşkilatın beynəlxalq rolunun artırılmasının əhəmiyyətini ortaya qoyub.

Pirverdiyev Fərid,
Nizami rayonu 1 saylı Yoluxucu Xəstəliklər xəstəxanasının əməkdaşı, ictimai fəal

Oxşar Xəbərlər

Back to top button