AnalitikaGündəmSiyasət

Müttəfiqlik Münasibətlərinin Güclənməsi Və Beynəlxalq Təhlükəsizlik Sistemi

Hər bir dövlətin suverenliyi onun qurduğu beynəlxalq müttəfiqlik münasibətləri və etibarlı xarici siyasət kursu ilə daha da sığortalanır. Azərbaycan 20 sentyabrda öz yurisdiksiyasını tam təmin etməklə beynəlxalq arenada etibarlı və qüdrətli tərəfdaş imicini ən yüksək pilləyə qaldırdı. Prezident İlham Əliyev tərəfindən son illərdə uğurla formalaşdırılan və dərinləşdirilən ikitərəfli və çoxtərəfli strateji müttəfiqlik münasibətləri suverenliyimizin sarsılmazlığında həlledici rol oynadı.

Məhz məqsədyönlü siyasətin nəticəsidir ki, Türkiyə kimi qlobal güclə imzalanmış Şuşa Bəyannaməsi və digər dost ölkələrlə qurulan müttəfiqlik münasibətləri Azərbaycanın ərazi bütövlüyünə yönələ biləcək hər cür təhdidin qarşısını əvvəlcədən aldı. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ölkəmizin artan beynəlxalq nüfuzu və yaratdığı güclü müttəfiqlik şəbəkəsi daxili suverenliyimizin beynəlxalq səviyyədə tanınmasının və müdafiəsinin ən etibarlı mexanizmidir.

Suverenliyimizin bərpası eyni zamanda Azərbaycanın BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumlardakı mövqeyini daha da gücləndirdi. Erməni lobbisinin və bəzi qərəzli beynəlxalq dairələrin diplomatik hücumları qarşısında Azərbaycan qətiyyətli duruş nümayiş etdirdi. Prezident İlham Əliyev qəbul etdiyi uzaqgörən qərarlarla sübut etdi ki, beynəlxalq hüququn prinsiplərini fəal diplomatiya ilə birləşdirən dövlət məğlubedilməzdir.

20 Sentyabr – Dövlət Suverenliyi Günü ölkəmizin həm də beynəlxalq təhlükəsizlik sistemində mühüm bir aktora çevrilməsinin qürurlu bayramıdır. Prezident İlham Əliyevin peşəkar diplomatik idarəçiliyi sayəsində Azərbaycan qlobal təhlükəsizlik arxitekturasına mühüm töhfələr verən, bütün tərəfdaşları tərəfindən yüksək hörmətə layiq görülən tam suveren və qüdrətli dövlət kimi inkişafını inamla davam etdirir.

Eyyub Cumayev, 

YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button