AnalitikaGündəmSiyasət

İnfrastruktur Möcüzəsi Və Böyük Qayıdış: Liderin Dirçəliş Vizyonu

İşğaldan azad edilmiş ərazilərdə bu gün reallaşan genişmiqyaslı bərpa-quruculuq işləri dünyada bənzəri olmayan bir infrastruktur möcüzəsidir. 20 sentyabr qələbəsindən sonra suverenliyin tam təmin olunması bu quruculuq prosesinə misilsiz bir təkan verdi. Prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbbüsü ilə həyata keçirilən bu qlobal miqyaslı layihələr, onun sadəcə hərbi zəfər qazanan bir sərkərdə deyil, həm də nəhəng dirçəliş proqramının memarı olduğunu təsdiqləyir.

Dağıdılmış şəhər və kəndlərin ən müasir “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulması Azərbaycan dövlətinin iqtisadi gücünü və innovativ yanaşmasını göstərir. Füzuli, Zəngilan və Laçında qısa müddətdə beynəlxalq hava limanlarının inşası, yüzlərlə kilometr uzunluğunda müasir yolların çəkilməsi, enerji infrastrukturu şəbəkəsinin yaradılması İlham Əliyevin gələcəyə hesablanmış dərin vizyonunun məhsuludur. Bu investisiyalar həmin bölgələrin iqtisadi potensialını bərpa etməklə yanaşı, onları ölkənin ümumi inkişaf drayverinə çevirir.

Bu nəhəng quruculuğun mərkəzində isə insan amili, vətəndaş dayanır. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı dövlət siyasətinin ən ali məqsədidir. 20 sentyabr zəfəri bu qayıdışın təhlükəsizlik təminatını yaratdı. Bu gün Laçında, Şuşada, Ağdamda doğma ocaqlarına dönən hər bir ailə İlham Əliyevin verdiyi vədlərin real həyatda təcəssümüdür.

Dövlət Suverenliyi Günü təkcə keçmiş qələbənin yox, həm də Qarabağın işıqlı gələcəyinin bayramıdır. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu dirçəliş prosesi Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətlərindən birinə çevirərək, suverenliyimizin iqtisadi və sosial təməllərini sarsılmaz edir.

Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button