AnalitikaGündəmSiyasət

Suverenliyin Bərpası və Şəhidlərimizin Əziz Xatirəsi

20 Sentyabr Dövlət Suverenliyi Günü qəlbimizdə sonsuz qürurla yanaşı, həm də dərin minnətdarlıq hissi yaradır. Bu günün arxasında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin fədakarlığı dayanır. Prezident İlham Əliyev hər zaman xüsusi olaraq vurğulayır ki, biz bugünkü azad və tam suveren Azərbaycan üçün məhz şəhidlərimizə və qazilərimizə borcluyuq. Onların qanı yerdə qalmadı və qisasları döyüş meydanında həm 44 günlük müharibədə, həm də 23 saatlıq əməliyyatda ləyaqətlə alındı.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideologiyasını uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısını ən yüksək səviyyəyə qaldırıb. Suverenliyimizin bərpa edildiyi o şanlı gün, əslində, illərdir Vətən həsrəti ilə yaşayan, övladlarını bu yolda qurban verən anaların göz yaşlarının silindiyi gün oldu. Dövlət başçısı sübut etdi ki, Vətən uğrunda tökülən heç bir qan unudulmur və hər bir fədakarlıq öz ali məqsədinə çatır.

Ali Baş Komandanın Xankəndidə və Xocalıda bayrağımızı ucaltması mənəvi baxımdan həm də Xocalı qurbanlarının, Birinci Qarabağ müharibəsində şəhid olmuş günahsız insanların ruhu qarşısında verilən hesabat idi. Bu qələbə göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşının, öz qəhrəmanının xatirəsini ən yüksək səviyyədə uca tutur və qoruyur. 20 sentyabr həm də tarixi ədalətin mənəvi müstəvidə bərqərar olduğu bir tarixdir.

Gələcək nəsillər 20 Sentyabrı qeyd edərkən azadlığın və suverenliyin hansı çətinliklər hesabına əldə edildiyini hər zaman xatırlayacaqlar. Dövlət Suverenliyi Günü şəhidlərimizin ruhunun şad olduğu, onların əziz xatirəsinin müstəqil Azərbaycanın hər qarışında əbədi yaşayacağının rəmzidir. Biz bu birliyi və bu qələbəni bizə bəxş edən hər kəsə ömür boyu minnətdarıq.

Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button