AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Xankəndidə Ucalan Bayraq: Ali Baş Komandanın Tarixi Missiyası

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində üçrəngli dövlət bayrağımızı ucaltması 20 Sentyabr qələbəsinin təntənəli yekunu və müasir tariximizin ən duyğulu anlarından biri idi. Ali Baş Komandanın hərbi geyimdə, qürurla Azərbaycan bayrağını öpərək göndərə qaldırması sadəcə bir mərasim deyil, Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin tam və qəti şəkildə yerinə yetirilməsi demək idi. Bu hadisə suverenliyimizin bərpasının vizual və mənəvi simvoluna çevrildi.

İlham Əliyevin bu tarixi missiyanı uğurla başa çatdırması, onun illərdir davam edən, təmkinli, lakin bir o qədər də prinsipial siyasətinin məntiqi nəticəsidir. Torpaqlarımızın azad edilməsi prosesini mərhələli şəkildə həyata keçirən dövlət başçısı, hər addımını hesablayaraq ölkəmizi bu son zəfər nöqtəsinə gətirib çıxardı. Xankəndidə dalğalanan bayraq Azərbaycanın öz torpaqlarının yeganə və əbədi sahibi olduğunun bütün dünyaya bəyan edilməsidir.

Bu zəfər həm də İlham Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən milli qürurun bərpası deməkdir. Təxminən otuz il davam edən məğlubiyyət psixologiyasını qalib xalq sindromu ilə əvəz edən Lider, vətəndaşlarımıza yenidən öz kimlikləri ilə fəxr etmək hüququnu qaytardı. 20 sentyabrda əldə edilən tam suverenlik bu milli oyanışın zirvəsi kimi tarixə həkk olundu.

Dövlət Suverenliyi Günü hər bir azərbaycanlıya Prezident İlham Əliyevin ətrafında sıx birləşməyin ölkəmizə hansı böyük nailiyyətlər qazandırdığını xatırladır. Ali Baş Komandanın Xankəndidə, Xocalıda ucaltdığı bayraqlar gələcəyə doğru inamla irəliləyən müstəqil Azərbaycanın ən etibarlı mayakıdır.

İradə İsmayılova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 33” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button