
Azərbaycan xalqının çoxəsrlik zəngin dövlətçilik salnaməsində elə şanlı və əbədiyaşar səhifələr var ki, onlar millətin taleyini, qürurunu və gələcəyini kökündən dəyişdi. Həmin müqəddəs tarixlərdən biri də hər il qürurla qeyd etdiyimiz 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür. Bu gün xalqımızın otuz illik həsrətinə, ədalətsizliyə və separatçılığa son qoyduğu, Azərbaycanın üçrəngli bayrağının ölkəmizin bütün suveren sərhədləri boyu əbədi dalgalandığı Zəfərin təntənəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən Dövlət Suverenliyi Günü xalqımızın qəhrəmanlıq tarixinin məntiqi nəticəsidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə tarixi torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu şanlı bir dastana imza atdı. Lakin ölkənin bütün ərazisində suverenliyin tam təmin olunması istiqamətində son nöqtə 2023-cü il sentyabrın 19-20-də qoyuldu. Cəmi 24 saat davam edən uğurlu lokal antiterror tədbirləri nəticəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin konstitusiya quruluşunu bütün sərhədlər boyu bərpa etdi. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində Azərbaycan bayrağı ucaldı. Bu, təkcə hərbi qələbə deyil, həm də beynəlxalq hüququn, haqqın və ədalətin bərqərar olması idi.
Azərbaycan dövlətinin suverenliyinin tam bərpa edilməsi, ərazi bütövlüyümüzün təmin olunması Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, dəmir yumruq kimi birləşən xalq-ordu həmrəyliyinin təzahürüdür.
Dövlət başçısının müxtəlif çıxışlarında səsləndirdiyi tarixi kəlamlar bu qələbənin ideoloji sütunlarını təşkil edir: “Biz ədaləti bərpa etdik, beynəlxalq hüququ bərpa etdik. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə, öz qəhrəman övladları hesabına təmin etdi. Hər bir azərbaycanlı haqlı olaraq fəxr edir ki, biz bu tarixi günü – müzəffər xalq kimi yaşayırıq. Bizim suverenliyimiz əbədidir, dönməzdir və heç bir qüvvə bunu şübhə altına ala bilməz.”
Dövlət Suverenliyi Günü təqvimdə sadəcə bir tarix deyil, həm də dərin mənəvi-siyasi məna daşıyan təsisatdır. Bu gün gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Vətənə sədaqət hissinin gücləndirilməsində mühüm rol oynayır. Suverenliyin tam təmin olunması işğaldan azad edilmiş torpaqlarda – Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramının, nəhəng infrastruktur layihələrinin və şəhərsalma tədbirlərinin əsas təminatçısıdır. Suveren və güclü Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın əsas lokomotivinə çevrilmişdir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın əyilməz iradəsinin, müzəffər ordumuzun şücaətinin və şəhidlərimizin qanı bahasına əldə edilən müqəddəs Zəfərin təntənəsidir. Bu gün hər bir azərbaycanlı başını dik tutaraq, qalib ölkənin vətəndaşı kimi yaşayır. Suverenliyimizin əbədi olması, üçrəngli bayrağımızın səmalarımızda daim dalgalanması xalqımızın və dövlətimizin əsas amalına çevrilmişdir.
Abbasova Xəyalə,
Nizami rayonu, 214 saylı məktəbin tarix müəllimi



