
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin məqsədyönlü siyasəti nəticəsində iki ölkə arasında münasibətlərin dostluq və hərtərəfli strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf etdiyi vurğulanıb.
Konstruktiv siyasi dialoq şəraitində iqtisadi-ticari, nəqliyyat-logistika, təhsil, turizm, mədəni, humanitar, rəqəmsal texnologiyalar, “yaşıl enerji” və digər sahələrdə əlaqələrin daha da genişləndiyi qeyd olunub.
Hər iki ölkənin qlobal miqyasda mühüm təşəbbüslərlə çıxış etdiyi qeyd olunaraq “Bir kəmər, bir yol” və Zəngəzur dəhlizi layihələrinin geostrateji əhəmiyyəti və perspektivləri diqqətə çatdırılıb.
Çinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına dəstək göstərməsinin səmimi dostluq və tərəfdaşlıq nümunəsi olduğu bildirilib.
Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının təkcə iki ölkə arasında münasibətlərin inkişafı ilə əlamətdar olmadığı, eyni zamanda, Qlobal Cənubda əməkdaşlığın təşviqi baxımından olduqca mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Beynəlxalq hüquq normalarına əsaslanan müstəqil siyasət yürüdən, separatizmin bütün forma və təzahürlərini pisləyən hər iki ölkənin bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə qətiyyətli dəstəyinin önəmi vurğulanıb.
Dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi YAP ilə ÇKP arasında əlaqələrin inkişafının xüsusi diqqət mərkəzində olduğu vurğulanıb. Qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
2024-cü ilin noyabr ayında YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsinin ölkələrarası hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə önəmli töhfələr verdiyi bildirilib.
2026-cı il 11-15 may tarixində YAP nümayəndə heyətinin dost ölkəyə səfəri çərçivəsində tərəflər arasında keçirilən görüşlər məmnunluqla xatırlanaraq əməkdaşlığın dərinləşdirilməsinə hədəflənən qarşılıqlı səfərlərin davamlı xarakter daşıyacağına və birgə fəaliyyət nəticəsində bundan sonra da ardıcıl nailiyyətlərin qazanılacağına əminlik ifadə olunub.
Gənclərin ictimai-siyasi həyatda, eləcə də dövlət idarəçiliyində və partiya fəaliyyətində aktiv iştirakının önəminə toxunularaq bu sahədə ixtisaslaşmış təhsil müəssisələri arasında işbirliyinin önəmi qeyd olunub.
Görüşdə partiyalararası əməkdaşlığın gələcək istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.










