
“Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana etdiyi 17-ci səfəri bütövlükdə geniş coğrafiyanı əhatə edən yeni geosiyasi və iqtisadi arxitekturanın konturlarını cızır. Bu səfər və iştirak edilən tədbirlər muxtar respublikanın hərtərəfli, habelə sürətli sosial-iqtisadi inkişafının təmin ediləcəyini bir daha nümayiş etdirir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, qlobal texnoloji və iqtisadi dəyişikliklər fonunda Naxçıvanın enerji infrastrukturu tamamilə yenidən qurulur. Təməli qoyulan 300 meqavat gücündə istilik elektrik stansiyası muxtar respublikanın hazırkı 200 meqavatlıq generasiya gücünü 1,5 dəfə artıracaq. Lakin daha önəmlisi, “yaşıl enerji zonası” elan edilən Naxçıvanın böyük bərpaolunan enerji potensialından istifadəsidir. Muxtar respublikada 600 hektardan çox ərazidə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının və Ordubadın Tivi kəndində 15 meqavatdan çox gücdə su elektrik stansiyasının inşası planlaşdırılır. Artıq 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi aparılır və bu cür layihələr iqtisadi baxımdan investorlar üçün olduqca cəlbedicidir. İstehsal ediləcək enerjinin yığılması üçün müasir texnoloji həll kimi 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması da nəzərdə tutulur. Vaxtilə İranla qaz mübadiləsi sazişi nəticəsində 100 faizlik qazlaşmaya nail olan Naxçıvan gələcəkdə həm Türkiyəyə, həm İrana, həm də Avropaya geniş miqyasda elektrik enerjisi ixrac edən mərkəzə çevriləcək.
“Beynəlxalq münasibətlər sistemində marşrutların diversifikasiyası mühüm əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, bu diyarı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin həlledici qovşağına çevirir. 8 avqust 2025-ci ildə Vaşinqton Zirvə Görüşündə və yaxın günlərdə Prezident Trampla aparılan müzakirələrdə TRIPP layihəsinin mütləq və tezliklə icrasına əminlik vurğulanmışdır. Hazırda Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, tam hazırdır. Naxçıvan daxilində isə yeni texniki-iqtisadi əsaslandırma ilə 15 milyon ton yükaşırma qabiliyyətinə malik 194 kilometrlik dəmir yolunun yenidən qurulması nəzərdə tutulur. Avropa İttifaqı nümayəndələrinin bu infrastruktura maraq göstərməsi və layihənin Azərbaycan dövlətinin nəzarət paketi şərti ilə, xarici investorların da daxil ola biləcəyi beynəlxalq konsorsium tərəfindən icra edilməsi ehtimalı məsələnin qlobal miqyasını təsdiqləyir. Bununla paralel olaraq, Zəngəzur enerji dəhlizinin inşası da hədəflənib. Cəbrayılda inşa edilmiş böyük yarımstansiya vasitəsilə Ermənistan ərazisindən Naxçıvana çəkiləcək elektrik xətləri, istismara yararsız və təhlükə mənbəyi olan atom elektrik stansiyasından asılı qalan Ermənistanın özünün də gələcək enerji böhranından xilasında rol oynaya bilər”.
Rəşadət Xalıqov əlavə edib ki, böyük infrastruktur layihələri ilə yanaşı güclü sosial-iqtisadi baza formalaşdırılır. Ərazi baxımından Sumqayıtdan sonra ikinci olan Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, DOST və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, habelə kənd təsərrüfatında müasir suvarma sistemlərinin və artezian quyularının qurulması əhalinin rifahına xidmət edir. Şəhər nəqliyyat infrastrukturunun ekoloji təmiz elektrik avtobusları ilə yenilənməsi, 217 müasir rayonlararası avtobusun alınması, eləcə də təxminən 160 min nəfərin yaşadığı 26 məntəqəni birləşdirən 420 kilometrlik yolun inşası və əsaslı təmiri nəzərdə tutulur. Bölgənin zəngin turizm potensialının inkişafı üçün yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması və Naxçıvan şəhərinin yeni Baş planının hazırlanması xüsusi önəm daşıyır. Bütün bu proseslərin effektivliyini təmin edən vacib addım isə idarəetmədəki struktur islahatlarıdır. Qarabağ və Şərqi Zəngəzurda uğurla sınaqdan çıxarılmış Prezidentin xüsusi nümayəndəliyi institutunun Naxçıvanda tətbiq edilməsi faktiki olaraq bu üç bölgənin vahid konseptual yanaşma ilə inkişafını təmin edir və insanların rahat, təhlükəsiz, firavan yaşamasına zəmin yaradır.
Onun sözlərinə görə, tarix boyu hər bir tərəqqinin kökündə milli kimlik və mədəniyyət dayanır. Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmiş Naxçıvan eyni zamanda Qədim Atabəylər dövlətinin paytaxtı kimi böyük mənəvi çəkiyə malikdir. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvani abidəsinin ucaldılması bu zəngin tarixin qorunması istiqamətindəki həssaslığı nümayiş etdirir. Yekun olaraq, sadalanan bütün bu strateji, iqtisadi və logistik təşəbbüslər Naxçıvanın gələcəkdə əvəzolunmaz nəqliyyat və enerji mərkəzinə çevrilməsini şərtləndirir.



