Dünya

İranda aksiya iştirakçıları məhkəmə binalarını yandırıblar

Bu gün Brüsseldə Avropa İttifaqına daxil olan dövlətlərin xarici işlər nazirləri İrana qarşı yeni və daha əhatəli sanksiyaların tətbiqi ilə bağlı razılıq əldə ediblər.

Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, artıq 5-ci aydır İranda davam edən kütləvi aksiyalarda iştirak edənlərin sayı nəinki azalmır, əksinə, artır. Aksiyada iştiraka görə 500-dən çox şəxs həbs olunaraq azadlıqdan müxtəlif müddətə məhrum edilib. Şəriət məhkəmələrinin ölüm hökmü çıxarması adi hal alıb. Daxil olan məlumatlara əsasən, etiraz aksiyalarında iştiraka görə 200-dən çox şəxs edam olunub. İranın klerikal hakimiyyəti edamlar vasitəsilə aksiyalara son qoyacağını düşünsə də, tam əks reaksiya ilə qarşılaşdı. Artıq İran cəmiyyəti nə edamlardan, nə də həbslərdən qorxmur. İnsanlar azadlıq və iqtisadi firavanlıq şəraitində yaşamağa can atırlar.

Ötən gecə Tehran, Məşhəd, Yəzd, İsfahan, Təbriz, Zəncan, Rəşt və digər böyük şəhərlərdə aksiyalar davam edib. Edamlara etiraz edənlər adıçəkilən şəhərlərdə ədliyyə və məhkəmə binalarını yandırıblar.

İslam inqilabından sonra İranda formalaşan klerikal rejimin dindən sui-istifadə edərək siyasət yürütməsi və saxta ideologiyanı dünyaya yaymaq cəhdi heç də yaxşı nəticələr vermədi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranın dini ideologiyası nəinki yaxın qonşu ölkələrdə, heç İranın özündə yaşayan xalqlar tərəfindən də qəbul edilmir. Tehran Universitetinin professoru Məhəmməd Zəbikəlami yazır ki, dini amillərlə İran hakimiyyəti ölkədə yaşayan xalqların birliyinə nail olmağa çalışıb. Bu amildən istifadə edib xalqların birliyinə nail olmaq olar. Onsuz da İranda yaşayan xalqların hamısı İslama dininə etiqad edirlər. Lakin mərkəzi hakimiyyət ölkədə yaşayan azərbaycanlılara, sistanlara, kürdlərə, bəluclara, lorlara və başqalarına eyni münasibət göstərmir. Təbii sərvətlərlə zəngin olan regionlar büdcədən dotasiya alan regionlarla müqayisədə daha ağır sosial vəziyyətdə yaşayırlar. Təsadüfi deyil ki, Sistan-Bəlucistan vilayətində aksiyalar daha kütləvi və daha gərgin xarakter alıb. Bu vilayətdə yaşayan insanlar su, təbii qaz, hətta ərzaq çatışmazlığından əziyyət çəkirlər. Haqlarını tələb etdikdə isə onlara “xarici dövlətlərin agenti” damğası vurulur ki, bu da cəmiyyətdə hakimiyyətə qarşı nifrət hissi oyadır.

Oxşar problemi İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri də yaşayır. İranda ermənilərdən fərqli olaraq, azərbaycanlıların milli məktəbinin olmaması ilə yanaşı, vilayət sosial-iqtisadi inkişafdan da geri qalır. Qərbi Azərbaycanda Urmiya gölünün qurumasının əhalinin sosial vəziyyətinə olduqca mənfi təsir göstərməsinə baxmayaraq, bu təbii fəlakətin qarşısı almaq üçün İran hakimiyyəti heç bir addım atmır.

Şərqi Azərbaycan vilayətinə gəlincə, vurğulamalıyıq lazımdır ki, bu vilayətin təbii sərvətləri və iqtisadi potensialı digərlərindən daha böyükdür. Lakin buna baxmayaraq, vilayət büdcəyə ödədiyi vergi müqabilində çox az subsidiya alır. Təbrizin, Ərdəbilin, Xoy və Mərənd şəhərlərinin dağ-mədən sənayesinə investisiyalar yatırılmır. Araz çayı boyunca salınan balıqçılıq təsərrüfatları Tehran hakimiyyətinə bağlı oliqarxlara məxsusdur. Xalq isə iqtisadi çətinliklər məngənəsində çırpınır. Bütün bunlar İranda baş verən aksiyaları şərtləndirən amillərdir.

Sentyabrın 16-da baş örtüyünü düzgün bağlamadığına görə İranın əxlaq polisi tərəfindən zorakılığa məruz qalan kürd əsilli 22 yaşlı gənc qadının öldürülməsi heç də hakimiyyətin dini dəyərləri mühafizə etməsindən deyil, özbaşınalığından, başqa xalqlara qarşı amansızlığından xəbər verir. Məsha Əmininin ölümü uzun illər yığılıb qalan problemlərin dilə gətirilməsi üçün sanki bir təkan oldu.

Hazırda İran hakimiyyəti ölkədəki anarxiyanın təqsirkarını xarici dövlətlərin xüsusi xidmət orqanlarında axtarır. Bu, sınaqdan çıxmış siyasi manipulyasiyadır. Milli maraqlar bir qrup şəxsin siyasi ambisiyalarına qurban veriləndə və bu siyasət həyata keçməyəndə ölkədən kənarda “düşmən”in axtarışı başlanır. Nüvə silahı yaratmaq ambisiyası, məxsus olduğu dini ideologiyanı dünyaya yaymaq cəhdləri, üstəlik, bunlara terror və qeyri-qanuni yollarla nail olmaq istəyi İran hakimiyyətini dalana dirəyib.

Yeni sanksiyalar onsuz da yaxşı olmayan vəziyyəti daha da gərginləşdirəcək və insanlar tələbkarlığı artıraraq hakimiyyətin dəyişməsini tələb edəcəklər. İran parlamentində çıxış edən deputatlar da artıq xalqın səsinin dinlənilməsinin zəruri olduğunu bildirirlər.

İranda vəziyyətin hansı istiqamətdə dəyişəcəyini zaman göstərəcək. Hələlik isə görünən odur ki, hakimiyyət saxta bəyanatlarla insanları sakitləşdirməyə çalışır və indiki dövrdə buna nail ola bilmir.

Oxşar Xəbərlər

Back to top button