AnalitikaDünyaGündəmSiyasət

Birləşmiş Millətlər Təşkilatında İslahatlar və Ədalətli Qlobal İdarəetmə

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışında qaldırılan ən mühüm məsələlərdən biri də qlobal idarəetmə arxitekturasının, xüsusən də Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının fəaliyyətinin yenidən qurulması zərurətidir. Dövlət başçısı qeyd etmişdir ki, BMT-də islahatlarla bağlı məsələ Təhlükəsizlik Şurasında vaxtaşırı müzakirə olunsa da, indiyədək hər hansı nəzərəçarpacaq irəliləyiş əldə edilməyib. Azərbaycan bu məsələdə inklüzivlik və təmsilçilik prinsipinə əsaslanan tamamilə fərqli və ədalətli bir model təklif edir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan tərəfindən irəli sürülən təklifə əsasən, rotasiya prinsipi əsasında Təhlükəsizlik Şurasındakı daimi yerlərdən biri məhz 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına verilməlidir. Bu halda təşkilata sədrlik edən ölkə veto hüququna malik daimi üzv kimi çıxış edə bilər.

Azərbaycanın irəli sürdüyü qlobal ədalət modeli eyni zamanda qlobal Cənubun və İslam dünyasının səsini beynəlxalq arenada ucaltmağı hədəfləyir. Prezident İlham Əliyev bildirmişdir ki, Təhlükəsizlik Şurasında bir yer mütləq şəkildə İslam Əməkdaşlıq Təşkilatına verilməlidir, çünki müsəlman ölkələri bu ali qurumda təmsil olunmayıblar. Həmçinin, eyni qaydada bir yer də Afrika İttifaqına ayrılmalı və hazırda bu quruma sədrlik edən dövlət veto hüququna malik olaraq həmin yeri tutmalıdır. Bu islahat mütləq şəkildə baş verməlidir, əks təqdirdə, BMT öz nüfuzunu, potensialını və qlobal təsir imkanlarını itirərək digər güc mərkəzlərinin kölgəsində qalmağa məhkum olacaqdır. Ölkələrin yalnız iqtisadi potensialı və ya əhali sayının Təhlükəsizlik Şurasına daimi üzvlük üçün yeganə meyar hesab edilməsi ədalətsizdir.

Bütün bunlarla yanaşı, qlobal sülhün və ədalətin təmin olunmasında kənar müdaxilələrin və yeni müstəmləkəçilik siyasətlərinin aradan qaldırılması vacibdir. Afrikada və dünyanın digər qaynar nöqtələrində sülhün qarşısını alan əsas amil məhz xarici müdaxilələrdir. Azərbaycanın dəstəyi ilə fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu da məhz müstəmləkəçilik və ondan irəli gələn bərabərsizlik məsələlərini, o cümlədən Fransanın dənizaşırı ərazilərdə törətdiyi qanunsuzluqları və nüvə sınaqlarını qlobal gündəliyə çıxararaq bəşəri insan hüquqlarını müdafiə edir. XXI əsrdə heç bir ölkənin 10 min kilometr uzaqlıqda müstəmləkəyə sahib olmaq haqqı yoxdur və Azərbaycan bu xalqların öz müqəddəratını təyin etmək hüququnu tam dəstəkləyir.

Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button