
22 iyun tarixində Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Akif Qasımov İstanbul şəhərinin Bəylikdüzü rayonunda Milliyyətçi Hərəkat Partiyasının (MHP) ilçə başqanı hörmətli Özkan Eremsayın bəyi ziyarət edib. Görüş zamanı Azərbaycan–Türkiyə qardaşlığı, Qarabağ Zəfərinin tarixi əhəmiyyəti və Zəngəzur dəhlizinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Hörmətli qazimiz qonaqpərvərliyinə, səmimi qəbuluna və xoş arzularına görə hörmətli Özkan Eremsayın bəyə təşəkkürünü bildirib, ona ictimai-siyasi fəaliyyətində və məsul vəzifəsində uğurlar arzulayıb.
Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Genel Başkanı hörmətli Devlet Bahçelinin Qarabağ məsələsində hər zaman nümayiş etdirdiyi qətiyyətli mövqe və Azərbaycan xalqına verdiyi mənəvi dəstək xüsusi minnətdarlıqla qeyd edilib. Həmçinin onun Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi “Zəngəzur dəhlizi bundan sonra Turan dəhlizidir” fikrinin Türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın nümunəvi dostluq və qardaşlıq münasibətlərinin regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı bildirilib. İki liderin regional və beynəlxalq siyasətdə nümayiş etdirdiyi ortaq mövqe, strateji baxış və qarşılıqlı etimadın Azərbaycan–Türkiyə münasibətlərini ən yüksək səviyyəyə yüksəltdiyi qeyd edilib.
Bu gün Azərbaycan və Türkiyə arasında formalaşmış “Bir millət, iki dövlət” fəlsəfəsi təkcə iki qardaş ölkənin deyil, bütövlükdə Türk dünyasının birliyi və gələcəyi üçün möhkəm təməl rolunu oynayır. Qarabağ Zəfəri və Türk Dövlətləri Təşkilatının güclənməsi bu birliyin real nəticələrinin ən bariz nümunələrindəndir.
Qarabağ Vətən müharibəsi qaziləri olaraq, Azərbaycanın haqq işinə dəstək verən bütün dost və qardaşlarımıza təşəkkür edir, Azərbaycan–Türkiyə qardaşlığının əbədi və sarsılmaz olacağına inamımızı bir daha ifadə edirik.









