
Bakı qlobal dialoq platformalarından daha birinə uğurla ev sahibliyi edir. COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbir – BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öz işinə başlayıb. Bakı Olimpiya Stadionunda təşkil olunan və 182 ölkədən 45 mindən çox nümayəndəni birləşdirən bu nüfuzlu forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Prezident İlham Əliyev tədbirin açılış mərasimində geniş və proqram xarakterli nitq söyləyərək, Azərbaycanın dayanıqlı urbanizasiya sahəsindəki uğurlarını, paytaxt Bakının memarlıq irsini və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən unikal “Ağıllı şəhər” modellərini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Dövlətimizin başçısı öz çıxışında ilk növbədə Bakıda keçirilən builki forumun miqyasına və qlobal əhəmiyyətinə toxunub. Forumun qlobal marağı əks etdirən rekord sayda nümayəndə heyətini bir araya gətirdiyini vurğulayan Prezident qeyd edib:”Biz WUF13-də rekord sayda iştirakçıları qəbul edirik. Bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Belə bir qlobal toplantının təşkili ölkəmizin şəhərsalma və onun inkişafına olan böyük sadiqliyinin növbəti göstəricisidir.”
Prezident bildirib ki, şəhərsalma Azərbaycan dövlətinin gündəlik fəaliyyətinin tərkib hissəsidir və ölkəyə ilk dəfə səfər edən xarici qonaqlar Bakının timsalında müasir şəhər strukturunun tarixi irslə necə harmoniyada inkişaf etdiyini öz gözləri ilə görmək imkanı qazanacaqlar.
Azərbaycanın coğrafi və mədəni baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyini xatırladan Prezident İlham Əliyev, bu unikal sintezin ölkə memarlığında da dərin izlər buraxdığını diqqətə çatdırıb:”Biz qədim tariximizlə qürur hissi duyuruq. Bu tarix təkcə musiqimizdə, şeirlərimizdə deyil, həm də memarlığımızda öz əksini tapıb.”
Dövlət başçısı vurğulayıb ki, tarixi binaların, mədəni irsin qorunması indiki nəslin əsas vəzifələrindən biridir və Azərbaycan şəhərlərini modernləşdirərkən onların tarixi simasını qorumağa xüsusi həssaslıqla yanaşır.
Qarabağ və Şərqi Zəngəzur- dünyaya təqdim olunan unikal yenidənqurma modeli. Prezident İlham Əliyevin çıxışının ən mühüm və strateji hissələrindən biri işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə bağlı olub. Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx tərəfdaşlıq etdiyini bildirən ölkə rəhbəri, 2022-ci ildən bəri Ağdam, Zəngilan və Xankəndidə üç Milli Şəhərsalma Forumunun uğurla təşkil edildiyini xatırladıb.
Azərbaycan bu gün WUF13 platformasında dünyaya tamamilə yeni bir konsept -“Böyük Qayıdış” və Müasir Urbanizasiya təqdim edir. Otuz ilə yaxın işğal altında qalan və tamamilə dağıdılan şəhər və kəndlər bu gün sıfırdan, ən müasir standartlara uyğun bərpa olunur. “Ağıllı Şəhər” və “Ağıllı Kənd”: Azad edilmiş ərazilərdə tətbiq olunan innovativ texnologiyalar dayanıqlı ekosistemin yaradılmasına xidmət edir.
Yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur ekoloji cəhətdən təmiz, karbon emissiyasının sıfıra endirildiyi “yaşıl enerji zonaları” kimi layihələndirilir və bu, qlobal şəhərsalma üçün nümunəvi modeldir.
WUF13 çərçivəsində, forum tarixində ilk dəfə olaraq Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi Bakı sessiyasının qlobal idarəetmədəki xüsusi çəkisini nümayiş etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, bu forum vasitəsilə təkcə öz nailiyyətlərini nümayiş etdirmir, həm də qlobal mənzil böhranı, iqlim dəyişikliyinin şəhərlərə təsiri və inklüziv planlaşdırma kimi kəskin çağırışların həllində beynəlxalq birliyi həmrəyliyə çağırır. Dövlət başçısının çıxışı bir daha sübut etdi ki, Azərbaycan regional çərçivələri aşaraq qlobal şəhərsalma gündəliyini formalaşdıran aparıcı aktora çevrilmişdir.
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı



