AnalitikaDünyaGündəmSiyasət

İtaliya-Azərbaycan münasibətləri sabitlik və inkişaf nümunəsidir

Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı il mayın 4-də Azərbaycana işgüzar səfəri çərçivəsində verdiyi bəyanat, iki ölkə arasındakı çoxölçülü strateji tərəfdaşlığın zirvə nöqtəsini əks etdirir.

Prezident İlham Əliyev öz çıxışında Ciorcia Meloninin Ermənistandakı proqramını bitirdikdən dərhal sonra Bakıya gəlməsini yüksək qiymətləndirərək, bunu “xüsusi və böyük rəmzi məna daşıyan addım” kimi xarakterizə edib. Bu jest İtaliyanın Cənubi Qafqaz regionunda balansa verdiyi əhəmiyyəti və Azərbaycanın regiondakı həlledici roluna olan hörməti nümayiş etdirir.

Dövlət başçısı 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələrinin kağız üzərində qalmadığını, real həyatda öz əksini tapdığını vurğulayıb.

Bu gün İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Bəyanatda iqtisadi rəqəmlər münasibətlərin miqyasını bir daha sübut edir. Prezident İlham Əliyev qeyd edib ki, “Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.”

İtaliya şirkətlərinin Azərbaycanda, xüsusən işğaldan azad edilmiş ərazilərdəki geniş iştirakı (enerji, infrastruktur, kənd təsərrüfatı) strateji etibarın göstəricisidir. İlham Əliyev bununla bağlı bəyanatında qeyd edib: “İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir”

Enerji sahəsi bəyanatın mərkəzi hissələrindən birini təşkil etdi. Prezident bildirdi ki, Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə qərarlaşıb. Ötən il Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr qazın təxminən 9,5 milyard kubmetri məhz İtaliya bazarına yönəldilib.TAP (Trans-Adriatik Kəməri) vasitəsilə həcmlərin artırılması və enerji təhlükəsizliyi zəncirinin möhkəmləndirilməsi prioritet olaraq qalır.

Prezident İlham Əliyev ənənəvi enerjidən “Yaşıl Enerji”yə keçid strategiyasını diqqətə çatdıraraq, Azərbaycanın 2032-ci ilə qədər 8 qiqavatlıq günəş, külək və hidroenerji potensialını işə salmaq niyyətini açıqladı.”Ansaldo Energia” və digər İtaliya nəhəngləri ilə bərpa olunan enerji və müasir texnologiyalar sahəsində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyi bildirildi.

Bəyanatda həmçinin müdafiə və təhlükəsizlik sahəsindəki dərinləşən əlaqələrə də toxunulub. Aerokosmik sənaye, dəniz təhlükəsizliyi və kritik infrastrukturun qorunması məsələləri İtaliya ilə strateji koordinasiya şəraitində inkişaf etdiriləcək.

Prezident İlham Əliyevin mətbuata bəyanatı bir daha təsdiq etdi ki, Bakı-Roma oxu təkcə iki ölkənin rifahına deyil, həm də Avropanın enerji xəritəsinin təhlükəsizliyinə xidmət edir. Ciorcia Meloninin səfəri bu münasibətləri sarsılmaz və uzunmüddətli tərəfdaşlıq kimi möhkəmləndirdi.

“Biz bu gün gələcək prioritetlərimizi müəyyən edirik. Qeyri-sabit beynəlxalq mənzərədə İtaliya-Azərbaycan münasibətləri sabitlik və inkişaf nümunəsidir.” – İlham Əliyev

Vəli Hüseynli,
Nizami rayonu 61 saylı məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button