AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Gənc nəslin milli ruhda tərbiyə olunması, tarixi həqiqətlərin düzgün şəkildə öyrədilməsi xüsusi əhəmiyyət kəsb edir

“Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış 31 Mart Azərbaycanlıların Soyqırımı Günü milli kimliyimizin, birliyimizin və tarixi ədalət uğrunda mübarizəmizin rəmzidir. Bu gün XX əsrin əvvəllərində xalqımıza qarşı törədilmiş amansız qırğınların beynəlxalq səviyyədə tanıdılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər bölgələrdə azərbaycanlılara qarşı sistemli şəkildə həyata keçirilmiş soyqırımı aktları nəticəsində on minlərlə günahsız insan qətlə yetirilmiş, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, milli-mədəni irsimiz məhv edilmişdir. Bu hadisələr planlı şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətinin tərkib hissəsi idi”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, bu qanlı hadisələr uzun illər ərzində müxtəlif səbəblərdən lazımi siyasi-hüquqi qiymətini ala bilməmişdir. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il 26 mart tarixində imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu istiqamətdə dönüş nöqtəsi oldu. Məhz bu sənəd sayəsində 31 Mart rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edildi və tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində sistemli dövlət siyasətinin əsası qoyuldu. Ulu Öndər bu fərmanı ilə milli yaddaşın bərpasını təmin etdi və dünya ictimaiyyətinə tarixi ədalətin təqdim olunmasının vacibliyini ön plana çəkdi.

“Bu siyasi kurs bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə soyqırımı həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Xarici ölkələrdə keçirilən tədbirlər, nəşr olunan kitablar, sənədli filmlər və beynəlxalq konfranslar bu istiqamətdə mühüm rol oynayır. Dövlət başçısı hər zaman vurğulayır ki, tarixi həqiqətlərin təhrif olunmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən ən mühüm layihələrdən biri də Quba Soyqırımı Memorial Kompleksidir. Quba ərazisində aşkar olunmuş kütləvi məzarlıq faktları bir daha sübut edir ki, 1918-ci il hadisələri sistemli soyqırımı siyasətinin nəticəsi olmuşdur. Kompleksdə nümayiş etdirilən materiallar, sənədlər və eksponatlar ziyarətçilərə həmin dövrün dəhşətlərini real faktlar əsasında çatdırır.

Onun sözlərinə görə, tarixi unutmaq yeni faciələrə zəmin yarada bilər. Bu baxımdan gənc nəslin milli ruhda tərbiyə olunması, tarixi həqiqətlərin düzgün şəkildə öyrədilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın dövlət siyasəti bu istiqamətdə məqsədyönlü şəkildə qurulmuşdur. Bu gün Azərbaycan xalqı şəhidlərinin xatirəsini ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir və bir daha bəyan edir ki, tarixi ədalətin bərpası uğrunda mübarizə davam edəcəkdir.

Oxşar Xəbərlər

Back to top button