
12 mart 2026-cı il tarixində Bakı yenidən dünyanın intellektual və siyasi mərkəzinə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işinə başlayıb. Tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli çıxış edərək həm regional, həm də qlobal əhəmiyyətli mesajlar verib. İlham Əliyevin çıxışındakı ən diqqətçəkən məqamlardan biri Orta Dəhlizin genişləndirilməsi ilə bağlı olub. Prezident bildirib ki, sülh müqaviləsindən sonra bu dəhlizin yeni qolu Ermənistan ərazisindən keçəcək. Bu, Ermənistanın müstəqillik tarixində ilk dəfə tranzit ölkəyə çevrilməsinə şərait yaradacaq və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantını təmin edəcək. Qlobal iqtisadiyyata toxunan dövlət başçısı neft və qaz qiymətlərinin kəskin artımının həm istehlakçılar, həm də istehsalçılar üçün balanslaşdırılmamış risklər yaratdığını qeyd edib. Azərbaycanın proqnozlaşdırıla bilən və ədalətli qiymət siyasətinin tərəfdarı olduğunu bildirən Prezident, beynəlxalq birliyi bu sahədə daha sıx əməkdaşlığa çağırıb. Prezident Forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzini (NGIC) dünyanın aparıcı beynəlxalq institutlarından biri kimi xarakterizə edib. Qeyd olunub ki, 400-dən çox qonağın iştirak etdiyi bu platforma — tez-tez “Qafqaz Davosu” adlandırılan forum — mürəkkəb beynəlxalq vəziyyətdə yeni yanaşmaların hazırlanmasına böyük töhfə verir. İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın sülhsevər, əməkdaşlığa açıq və strateji baxışa malik lider ölkə statusunu bir daha təsdiqlədi. “Keçid dövründə” olan dünyanın qarşısında duran əsas çağırışlara qarşı Bakıdan verilən bu mesajlar, gələcək sabitliyin təməl prinsiplərini müəyyən edir.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçisi



