AnalitikaGündəmSiyasət

Avropa İttifaqı Şurasının Prezidentinin ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirir

Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına nəqli artıq reallıqdır və son illərdə Avropa ölkələrinə ixracın həcmi artıb: “Memoranduma əsasən, 2027-ci ilədək Avropaya qaz tədarükünün artırılması nəzərdə tutulur ki, bu da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Ttərəflər arasında əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Ticarət, nəqliyyat, rəqəmsal inkişaf, humanitar və təhsil istiqamətlərində də qarşılıqlı fəaliyyət mövcuddur. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar isə münasibətlərin hüquqi bazasının müasir çağırışlara uyğun şəkildə yenilənməsinə xidmət edir.” Enerji sahəsində əməkdaşlıq isə tərəfdaşlığın strateji xarakter daşıyan digər istiqamətidir. Xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Sənədin imzalanmasından sonra əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır və ümumilikdə 16 ölkə enerji resursundan faydalanır. Bu göstəricilər Avropanın enerji təhlükəsizliyində regionun rolunun əhəmiyyətini artırır.

Enerji əməkdaşlığının bir platforması da Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantılarıdır. Bu tədbirlər tərəfdaş ölkələr arasında enerji siyasətinin koordinasiyası və yeni layihələrin müzakirəsi üçün mühüm imkanlar yaradır. Bəyanatda qeyd olunduğu kimi, yaxın illərdə qaz hasilatının artırılması planlaşdırılır. Yeni yataqların istismara verilməsi nəticəsində növbəti iki-üç il ərzində mövcud həcmlərlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qaz hasilatı gözlənilir ki, bu da Avropa bazarına tədarük imkanlarını daha da genişləndirəcək. Bərpaolunan enerji sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. Günəş, külək və su elektrik enerjisi üzrə həyata keçirilən layihələr regionun böyük potensiala malik olduğunu sübut edir. Planlara əsasən, yaxın beş-altı il ərzində ixraca yönəlmiş 6–8 giqavat gücündə bərpaolunan enerji istehsalı nəzərdə tutulur. Bu məqsədlə Avropa tərəfdaşları ilə yeni ötürülmə xətləri, dəniz dibi kabelləri və enerji infrastrukturunun digər elementləri üzərində iş aparılır. Regionun iqlim şəraiti, günəşli günlərin çoxluğu və külək enerjisi potensialının yüksək olması həmin istiqamətdə əlavə üstünlüklər yaradır. Coğrafi və iqlim şəraiti də bu istiqamətdə geniş imkanlar təqdim edir. İl ərzində 300-dən çox günəşli günün müşahidə olunması və külək enerjisi potensialının yüksək olması yaşıl enerji layihələrinin reallaşdırılması üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm məqam regionda yaranmış yeni geosiyasi reallıqlarla bağlıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Ermənistanla paraflanmış sülh sazişi regionda sabitliyin möhkəmlənməsi baxımından yeni mərhələ yaradır. Bu proses nəqliyyat və logistika sahəsində də yeni imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin genişlənməsi regional ticarətin və tranzit daşımalarının artmasına töhfə verəcəkdir. Artıq Ermənistana müəyyən neft məhsullarının tədarükünün başlanması və digər dövlətlərin yüklərinin tranziti üçün məhdudiyyətlərin aradan qaldırılması regionda əməkdaşlıq mühitinin formalaşdığını göstərir.

Təhlükəsizlik, nəqliyyat, logistika, yaşıl enerji və regional sabitlik kimi məsələlər əməkdaşlıq gündəliyində mühüm yer tutur. Bu baxımdan Avropa qurumları ilə əməkdaşlıq çoxşaxəli xarakter alaraq strateji əhəmiyyət kəsb edir. Qarşılıqlı dialoqun davamlı şəkildə inkişafı, yeni layihələrin həyata keçirilməsi və regional sabitliyin möhkəmlənməsi bu münasibətlərin gələcək perspektivlərini genişləndirir.

Avropa İttifaqı Şurasının Prezidentinin ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, bərpaolunan enerji layihələri və regional sülh gündəliyi qarşılıqlı münasibətlərin əsas istiqamətlərini təşkil edir. Bütün bunlar göstərir ki, mövcud işbirliyi modeli gələcək illərdə daha da genişlənərək beynəlxalq əməkdaşlıq sistemində mühüm rol oynamağa davam edəcəkdir.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button