
Zəngi liseyinin tarix müəllimi Təranə Əliverdiyevanın təqdimatında Bakı Gənclər Mərkəzində “Tariximiz qürur mənbəyimizdir” mövzusunda tarixi-bədii kompozisiya təqdim olunub.
Victorytime.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca ölkəmizin tarixi keçmişini, xalqımızın mübarizə və zəfər yolunu əks etdirən çıxışlar və təqdimatlar iştirakçılara təqdim olunub.
Tarixi-bədii kompozisiyada Azərbaycan xalqının keçdiyi şərəfli inkişaf yolu, milli birlik, vətənə bağlılıq və dövlətçilik ənənələri bədii səhnələr vasitəsilə nümayiş etdirilib. Şagirdlərin təqdim etdiyi kompozisiya iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Tədbirdə Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı sədrinin müavini Rəşadət Xalıqov, Bakı Dövlət Universitetinin kafedra müdiri İqbal Ağayev, Xəzər Universitetinin ctimai Əlaqələr və Media şöbəsinin direktoru Əlövsət Əmirbəyli, Zəngi liseyinin direktoru Nigar Məmmədova, liseyin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.
Çıxış edən qonaqlar Azərbaycan tarixinin öyrənilməsinin gənc nəslin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, bu kimi tədbirlərin milli kimliyin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Natiqlər gənclərin dövlətçilik ənənələrinə sadiq, milli dəyərlərə bağlı və savadlı vətəndaş kimi yetişməsinin vacibliyini diqqətə çatdırıblar.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirib, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən bu cür layihələrin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanıb.





























