AnalitikaGündəmİdman

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Prezident İlham Əliyevin iştirakı ilə hər ilin sonunda ənənəvi olaraq idman yekunlarına həsr olunan mərasimin keçirilməsi beynəlxalq aləmdə idman ölkəsi kimi tanınan ölkəmizdə artıq ənənə halı alıb. Dövlətimiz tərəfindən idmanın inkişafına göstərilən qayğı, gənclərimizin sağlam ruhda böyüməsinə yönələn tədbirlər və beynəlxalq idman yarışlarında qazanılan uğurlar, eyni zamanda Azərbaycanın mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsi 2025-ci ilin yekunlarını xarakterizə edir. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Bu gün bütün sahələr kimi, idman sahəsində də Azərbaycanda sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.

Azərbaycan Prezidenti çıxışında xüsusi olaraq vurğulayıb ki, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Uşaqlıqdan idmana göstərilən maraq əlbəttə, gələcəkdə idman uğurlarına yol açır. Dövlətimizin başçısı onu da qeyd etdi ki, siyasətimizin əsas istiqamətlərindən biri gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və ölkəmizin inkişafı daimi, əbədi olsun. Xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir.

Son illərdə regionlarda tikilən və yenidən qurulan idman kompleksləri yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir, gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Paytaxt və bölgələrdə müasir idman arenalarının istifadəyə verilməsi beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradır. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilib. İdman infrastrukturu sıfırdan qurulub və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il Gəncədə və Yevlaxda iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır. Bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. 2025-ci ildə keçirilən III MDB Oyunları bunun bariz nümunəsidir. Ölkəmizin 7 şəhərində – Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevirdə təşkil olunan III MDB Oyunları Azərbaycanın idman ölkəsi kimi artan nüfuzunu daha da möhkəmləndirdi. Prezident İlham Əliyev ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında Oyunların çox yüksək səviyyədə keçirildiyini bildirdi. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə layiq görüldük. Bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.

Tarixi Zəfərimizin təntənəsi ilə yaşayan idmançılarımız beş ildir qalib Azərbaycanı təmsil etməkdən qürur hissi keçirirlər. Döyüş meydanlarında əldə edilmiş Qələbənin idman yarışlarında da özünü ifadə etməsi üçün səylərini daha da artırırlar. Prezident İlham Əliyev sözügedən mərasimdə də bu məqamı xüsusi vurğulayıb: “Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk”. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır.
2026-cı il üçün “Dünya İdman Paytaxtı” elan olunması isə Azərbaycanın idman sahəsində qazandığı uğurların növbəti təqdimatıdır. Bu günədək çoxlu sayda beynəlxalq yarışlara ev sahibliyi edən Bakını növbəti ildə daha möhtəşəm yarışlar gözləyir.

Heydər Rəhimov,
Nizami bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

 

Oxşar Xəbərlər

Back to top button