
“Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının strateji mahiyyətini, xüsusən də Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsini aydın şəkildə ortaya qoyur. Dövlət başçısı vurğuladı ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanın bir parçasıdır və Xəzər dənizi bu məkanın birləşdirici strateji sütunudur. Azərbaycan ilə region ölkələri arasında qurulan yüksək səviyyəli siyasi dialoq, artan qarşılıqlı səfərlər və müttəfiqlik formatı regional əməkdaşlığı yeni keyfiyyət mərhələsinə çıxarıb. Son üç ildə təkcə dövlət başçıları səviyyəsində 30-dan çox səfər gerçəkləşməsi bu dinamikanın göstəricisidir. Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü isə siyasi, iqtisadi, nəqliyyat, enerji və rəqəmsal sahələrdə çoxşaxəli əməkdaşlığın gücləndirilməsində mühüm mərhələ oldu”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyev müsahibəsində Özbəkistanı Azərbaycan üçün qardaş və etibarlı müttəfiq adlandıraraq bu münasibətlərin həm tarixi-mənəvi köklərdən, həm də dövlət başçıları arasında olan şəxsi dostluqdan qaynaqlandığını vurğulayıb. Şavkat Mirziyoyevin Azərbaycana son bir il yarımda etdiyi beş səfər, habelə qarşılıqlı dövlət səfərləri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi və Müttəfiqlik Müqaviləsi bu əlaqələrin institusional əsaslarını daha da gücləndirib. Müsahibədə 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şuranın münasibətlərin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynadığı qeyd edilib.
“İqtisadi əməkdaşlıq sahəsində də sürətli inkişaf müşahidə olunur. 2024-cü ildə ticarət dövriyyəsinin 252 milyon dollara çatması, 2025-ci ilin ilk doqquz ayında isə 87,5 faiz artması tərəflərin iqtisadi sinerjisini nümayiş etdirir. İnvestisiya əməkdaşlığının gücləndirilməsi məqsədilə yaradılan 500 milyon dollarlıq Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti və Xankəndidə açılmış tikiş fabriki bu istiqamətdə strateji addımlardır. Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin yüksələn rolu, tranzit daşımalarının 2024-cü ildə 1,3 milyon tonu keçməsi Azərbaycanın regional nəqliyyat mərkəzi kimi mövqeyini təsdiqləyir. Daşkənd və Bakı arasında genişlənən aviareyslər, eləcə də Zəngəzur dəhlizinin perspektivi əməkdaşlığı daha da gücləndirəcək. Energetika və yaşıl enerji sahəsində birgə təşəbbüslər, SOCAR-la Özbəkistan qurumları arasında uzunmüddətli əməkdaşlıq, eləcə də üçtərəfli enerji inteqrasiyası layihələri bölgənin davamlı inkişafına xidmət edir”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri eni strateji məkanın, eyni dəyərlərin və eyni gələcək vizyonunun birləşdirdiyi qardaşlıq modelidir. Bu gün qurulan tərəfdaşlıq regionun sabitliyi, inkişafı və türk dünyasının güclənməsi baxımından tarixi əhəmiyyət daşıyır.



