
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də bir sıra yeni təyinatlarla bağlı qəbul keçirdi. Dövlət başçısı Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən, Orxan Mürsəlovu Göyçay, Elvin Paşayevi Qax, Vüqar Novruzovu Göygöl, Elşən Həsənlini isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
Görüş zamanı Prezident İlham Əliyev ölkənin idarəçilik sistemində məmur məsuliyyətinin artırılmasının, xalqla təmasın möhkəmləndirilməsinin və korrupsiyaya qarşı mübarizənin prioritet istiqamətlər olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı yeni təyin olunan rəhbərlərə müraciət edərək bildirib ki, onlara göstərilən etimad böyük məsuliyyət yaradır və hər bir rəhbər bu etimadı əməli fəaliyyəti ilə doğrultmalıdır: “Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Əsas iş prinsipləriniz xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır.”
Prezident İlham Əliyev qeyd edib ki, rəhbər şəxslərin davranışı, təvazökarlığı və ictimai nümunəvi mövqeyi dövlət məmuru obrazının ayrılmaz tərkib hissəsidir. O, bəzi hallarda müşahidə edilən mənfi hallara – təkəbbür, korrupsiya və rüşvətxorluğa qarşı sərt münasibətini bir daha bəyan edib: “Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə qanun qarşısında cavab verir. Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq.”
Prezident çıxışı zamanı regionların inkişafı istiqamətində son illərdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən də bəhs edib. O bildirib ki, ölkənin bütün bölgələrində elektrik, yol, su, qaz və sosial infrastruktur layihələrinin böyük hissəsi başa çatıb, yeni məktəblər, xəstəxanalar, idman obyektləri tikilib, kənd yolları və içməli su layihələri genişlənib. Bununla yanaşı, dövlət başçısı diqqəti yerli səviyyədə hələ də mövcud olan problemlərin həllinə, sosial ədalətin təmininə və şəffaf idarəçiliyin gücləndirilməsinə yönəldib: “Hər bir bölgədə insanlar bilməlidirlər ki, ədalət hər zaman üstünlük təşkil edir. Qanunsuz torpaq istifadəsinə, vəzifədən sui-istifadəyə, qanunsuz varlanmaya yol verilməməlidir.”
İlham Əliyev eyni zamanda vurğulayıb ki, son illər mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində dövlət idarəçiliyində sağlamlaşma prosesi güclənib. Prezidentin sözlərinə görə, artıq heç bir dövlət məmuruna qanunsuz göstəriş verilməsi yolverilməzdir və belə hallara dərhal reaksiya göstəriləcək. Məşğulluq məsələsinə də toxunan dövlət başçısı bölgələrdə iş yerlərinin yaradılmasının, sahibkarlığın inkişafının və özünüməşğulluq proqramlarının genişləndirilməsinin vacibliyini qeyd edib. O, xüsusilə kənd təsərrüfatı və turizmin regionların iqtisadi dirçəlişində əsas rol oynayacağını bildirib. Prezident ekologiyanın qorunmasının, təbii sərvətlərin düzgün istifadəsinin və qanunsuz fəaliyyətin qarşısının alınmasının da əsas istiqamətlərdən biri olduğunu vurğulayıb: “Qanunsuz tikinti, çayların məcralarının dəyişdirilməsi və təbiətə ziyan vuran hər hansı fəaliyyət qətiyyən yolverilməzdir. Ətraf mühitin qorunması bizim ümummilli vəzifəmizdir.”
Sonda dövlət başçısı yeni təyin olunmuş icra başçılarına uğurlar arzulayıb, onlardan xalqa xidmət, ədalət və təmizlik prinsiplərinə sadiq qalmağı tələb edib. Bu çıxış bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycanın dövlət idarəetmə sistemi şəffaflıq, məsuliyyət və xalqla birliyin gücləndirilməsi istiqamətində ardıcıl olaraq təkmilləşdirilir. Yeni təyin olunan rəhbərlər üçün bu, həm etimad, həm də böyük sınaq mərhələsidir.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



