AnalitikaGündəmSiyasət

Biz güclü dövlətin, yenilməz ordunun və müdrik liderlərin xalqıyıq!

1990-cı illərin əvvəllərində Azərbaycan ağır bir sınaq qarşısında idi. Müstəqilliyini yenicə bərpa etmiş gənc dövlət daxili çəkişmələr, iqtisadi böhran və torpaqlarının işğalı ilə üz-üzə idi. Məhz bu mürəkkəb və taleyüklü dövrdə xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı (1993) və Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi.

Heydər Əliyev ilk növbədə ölkədə sabitlik və milli birliyin bərpasını təmin etdi, dövlət idarəçiliyinin effektiv sistemini qurdu və Azərbaycançılıq ideologiyasını milli inkişafın başlıca dayağına çevirdi. O, çox yaxşı bilirdi ki, torpaqların azad olunması yalnız güclü dövlət və qüdrətli ordu ilə mümkündür.

Bu məqsədlə ordu quruculuğu konsepsiyası hazırlanaraq həyata keçirilməyə başlandı. Hərbi məktəblərin yaradılması, gənclərdə vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, zabit kadrlarının yetişdirilməsi və müasir hərbi intizamın formalaşdırılması Ulu Öndərin prioritetləri sırasında idi.
Heydər Əliyev dəfələrlə bəyan edirdi ki, “Bizim əsas məqsədimiz güclü Azərbaycan dövləti qurmaq, xalqımızı xoşbəxt və təhlükəsiz gələcəyə aparmaqdır.”

Məhz bu məqsədyönlü siyasət sonrakı illərdə xalqımızın milli həmrəyliyini, ordumuzun gücünü və dövlətimizin möhkəmliyini təmin etdi. Qarabağ Zəfərinə gedən yolun başlanğıcı elə bu dövrdə qoyulmuşdu.
Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı. Onun rəhbərliyi ilə dövlətin hər bir sahəsində modernləşmə prosesi başlandı, iqtisadiyyat gücləndi, beynəlxalq nüfuz artdı.

Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks islahatlar və çoxşaxəli siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi.

Ən önəmlisi isə – bu güc ordumuzun potensialına çevrildi. Prezidentin şəxsi diqqəti və nəzarəti altında Azərbaycan Ordusu ən müasir silah-sursat, texnika və hərbi infrastrukturla təmin olundu. Əsgər və zabit heyətinin döyüş qabiliyyəti yüksəldildi, mənəvi-psixoloji ruh yüksəkliyi formalaşdırıldı.
İllər ərzində qurulan bu möhkəm sistem nəticəsində Azərbaycan müasir, çevik və milli dəyərlərə sadiq bir orduya sahib oldu.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, “Bizim ordumuz dünyanın ən güclü ordularından biridir. Bizim arxamızda xalq dayanır, xalqın dəstəyi isə ən böyük qüvvədir.”

Bu siyasi iradə və xalq-iqtidar birliyi 2020-ci ildə tarixi ədaləti bərpa edən əsas qüvvəyə çevrildi.
Ermənistanın illərlə davam edən təxribatları və işğal siyasəti nəticəsində 2020-ci ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsinə başladı. Müharibənin hər günü qəhrəmanlıq, fədakarlıq və milli ruhun təntənəsi idi.

Azərbaycan Ordusu 30 ilə yaxın işğalda olan torpaqları azad edərək, BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən 4 qətnaməsini öz gücü ilə icra etdi.

Müharibənin gedişində Azərbaycan dövləti həm döyüş meydanında, həm də informasiya və diplomatik cəbhədə qətiyyətli mövqe sərgilədi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqı hər gün operativ və dəqiq məlumatlarla bilgiləndirir, ordumuza və millətə ruh verirdi.
Xalqımız da bu dönəmdə dövlətinin ətrafında yumruq kimi birləşdi, görünməmiş həmrəylik nümayiş etdirdi. Hər bir Azərbaycan vətəndaşı cəbhədəki əsgərin yanında olduğunu hiss etdirdi.

Qəhrəman əsgərlərimiz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan kimi strateji rayonları azad etdilər və nəhayət, 8 noyabrda Şuşa şəhərinin azad olunması ilə tariximizin ən parlaq səhifəsi yazıldı.
Şuşa əməliyyatı – həm hərbi, həm mənəvi baxımdan Zəfərin zirvəsi idi. Azərbaycan xalqı 8 Noyabrı Qələbə Günü kimi əbədiləşdirdi.

Qələbədən sonra Azərbaycan dövləti Qarabağda genişmiqyaslı bərpa və yenidənqurma prosesinə başladı. Bu proses Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın hər qarışı bizim üçün əzizdir” ideyasına sadiqliyin təcəssümüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda yeni şəhərlər, yollar, hava limanları, “ağıllı kənd” layihələri inşa olunur.
Bu, təkcə fiziki bərpa deyil, həm də ədalətin, insanlıq və milli ləyaqətin bərpasıdır.

Bu gün Qarabağda dalğalanan üçrəngli bayraq, Heydər Əliyevin qoyduğu təməlin və İlham Əliyevin müdrik liderliyinin nəticəsidir.

Qarabağ Zəfəri bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı üçün mümkünsüz heç nə yoxdur.
Qarabağ Zəfəri – bu torpağın hər bir övladının qürur mənbəyidir. Bu qələbə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və Azərbaycan Ordusunun igidliyinin məntiqi nəticəsidir.

Bu gün Azərbaycanın hər bir vətəndaşı qürurla deyə bilər:
Biz güclü dövlətin, yenilməz ordunun və müdrik liderlərin xalqıyıq!
Qarabağ Azərbaycandır – və əbədi olaraq belə qalacaq!

İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button