AnalitikaGündəmOrdu

Şuşanın azad edildiyi gün Azərbaycan xalqı üçün Zəfər Günü kimi yadda qaldı!

8-Noyabr tarixi hər bir azərbaycanlının qəlbində ən dərin hisslərlə, qürurla, minnətdarlıqla yazılıb. Bu gün təkcə bir qələbənin deyil, illərlə çəkilən ağrı-acının, həsrətin sonu, ədalətin bərpası, torpaqlarımızın azadlığı günüdür.

8 Noyabr, bu tarix təkcə təqvimdə bir gün deyil. Bu, bir millətin dirənişinin, səbrinin və inamının qələbəyə çevrildiyi gündür. Bu, göz yaşları içində gülən anaların, şəhid balalarını sinəsinə sıxan Vətən torpağının günüdür.

Azərbaycan dövləti torpaqlarımızın azadlığı uğrunda, haqq savaşında geri çəkilmədi. Baş Komandan İlham Əliyevin rəhbərliyi, vətənpərvər xalqın birliyi və qüdrətli ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından artıq beş il ötür. Bütün bunlar ordumuzun vətənpərvərliyini, mübarizliyini və qəhrəmanlığını göstərən fərəh doğuran anlardır. Prezident İlham Əliyev xalqına arxalandı, xalq isə öz Prezidentinə inandı.

Azərbaycan Ordusu 30 ilə yaxın bir müddətdə davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yazdı. Bu gün əminliklə demək olar ki, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da inkişaf edərək müstəqil dövlət kimi yaşayacaq və torpaqlarımızın azad olunmasında əldə etdiyimiz şanlı qələbə, Zəfər Günü tariximizdə əbədi qalacaqdır. Zəfər Günü milli qürur və şərəf tariximizdir, gələcək nəsillər bu qürurverici tariximizi heç zaman unutmayacaq.

Qeyd etmək lazımdır ki, 8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsinə Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. 2020-ci il tariximizin ən şərəfli dövrlərindən biri kimi daim xatırlanacaq. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etdi. 44 gün davam edən hərbi əməliyyatlar zamanı müasir və güclü Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini azad etdi. Həmçinin Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlar aparılmadan və qan tökülmədən Azərbaycana qaytarıldı.

İşğaldan azad edilmiş ərazilərdə ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi yenidən bərpa edilir. Bölgələrimiz iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevriləcək, ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə çatdırılacaq.

Preziden İlham Əliyev işğaldan azad olunmuş rayonlara səfəri zamanı “Qarabağda cənnət yaradacağıq” sözü əməli ilə bir olmasının göstəricisidir. Artıq bu günə qədər verilən bütün sözlər, vədlər yerinə yetirilib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq erməni siyasətini məhv etdi.

Məhz, yaşanan misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə artıq üçüncü ildir ki dövlət başçısı cənab İlham Əliyevin qərarına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü təntənəli şəkildə qeyd edilir. 2020-ci ilin 8 noyabr tarixi Şuşanın azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər Günü kimi yadda qaldı. 44 günlük haqq savaşımız, Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

Bu gün biz Zəfərimizi qeyd edərkən, şəhidlərimizi ehtiramla anırıq, qazilərimizin qarşısında baş əyirik. Onların sayəsində bu torpaqlarda bayrağımız daha ucalarda dalğalanır, uşaqlarımız sülh və azadlıq içində böyüyür.

Zəfər Günü – bir millətin dirçəliş günüdür. Bu gün – Azərbaycanın qüdrətinin, xalqımızın birliyinin, liderimizin uzaqgörənliyinin rəmzidir. Qoy bu gün hər bir evdə, hər bir ürəkdə qürur dalğalansın, üçrəngli bayrağımız hər zaman səmalarımızda azadlıqla yellənsin!

Qarabağ Azərbaycandır!

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button