AnalitikaGündəmSiyasət

17 Oktyabr – Füzuli şəhəri işğaldan azad edilərək tarixə qızıl hərflərlə yazıldı

Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.
Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir.
27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir… Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Müharibənin ilk günündə Füzuli istiqamətində Horadiz, Qərvənd, Qaraxanbəyli kəndlərinin, Cəbrayılda isə Böyükmərcanlı, Nüzgar kəndlərinin, Kəlbəcərdə Murovdağ zirvəsinin azad edilməsi düşmən cəbhəsinin yarılması ilə nəticələndi. Ağır itkilər verən Ermənistan silahlı qüvvələri geriyə çəkilməyə başladılar. Düşmənin keçilməz “Ohanyan səddi” adlandırdığı istehkam xətti qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində bir neçə saat ərzində yarıldı. Hərbi əməliyyatlar kompleks şəkildə və planlı olaraq aparılırdı.
Ermənistan silahlı qüvvələrinin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və düşməni yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad olundu. Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən təmizləndi.
2020-ci il oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatmışdı. Əsgərlərimiz qarşıya qoyulan əməliyyat planının sonuncusunu da uğurla yekunlaşdırdılar – Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli ətraf kəndləri azadlığa qovuşdu. Uğurlu əməliyyat nəticəsində düşmən məhv edildi, yüzlərlə hərbi texnika, silah-sursat qənimət kimi götürüldü. Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Füzuli Zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 17-də Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırması isə hər birimizi qürurlandırdı. Bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button