
Müstəqil Dövlətlər Birliyi çərçivəsində keçirilən idman yarışları təkcə fiziki bacarıqların sınağı deyil, həm də xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mədəni inteqrasiyanın möhkəmlənməsinə xidmət edən mühüm hadisələrdir. Bu baxımdan sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində baş tutan III MDB Oyunları Birlik tarixində xüsusi yer tutur. XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində belə möhtəşəm beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın həm idman, həm də mədəniyyət diplomatiyasında qazandığı növbəti uğurdur.
III MDB Oyunlarının ev sahibi kimi Azərbaycan bu tədbir vasitəsilə bir daha sübut etdi ki, bölgədə sabitlik, əməkdaşlıq və sülhün möhkəmlənməsi istiqamətində mühüm rol oynayır. Gəncə ilə yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində də yarışların təşkili ölkənin idman infrastrukturunun yüksək səviyyədə olduğunu və regional inkişaf siyasətinin səmərəliliyini göstərdi. Ümumilikdə 13 ölkədən, o cümlədən MDB üzv dövlətlərindən və qonaq ölkələrdən 1600-dən çox idmançı bu yarışlarda iştirak etdi. Bu fakt Azərbaycanın idman diplomatiyasının geniş coğrafiyanı əhatə etdiyini, ölkəmizin beynəlxalq nüfuzunun artdığını təsdiqləyir.
MDB Oyunları sadəcə idman tədbiri deyil, həm də xalq diplomatiyasının təzahürü kimi çıxış edir. Bu qəbildən olan beynəlxalq yarışlar birliyin daxilində qarşılıqlı etimadı möhkəmləndirir, mədəni əlaqələri dərinləşdirir və gənc nəslin beynəlxalq dostluq ruhunda tərbiyəsinə mühüm töhfə verir. Məhz bu baxımdan Gəncədə keçirilən oyunlar həm idman, həm də mənəvi dəyərlər baxımından böyük önəm daşıyır.
Azərbaycanın bu oyunlara ev sahibliyi etməsi Prezident İlham Əliyevin idmana, gəncliyə və beynəlxalq əməkdaşlığa göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir. Son illərdə ölkəmizdə yaradılan müasir idman infrastrukturu, keçirilən beynəlxalq turnirlər və ölkəmizin uğurları Azərbaycanı regionda idman diplomatiyasının mərkəzinə çevirib. Təsadüfi deyil ki, MDB Oyunlarının iştirakçıları da yarışların yüksək səviyyədə təşkili, təhlükəsizlik, qonaqpərvərlik və texniki şəraitlə bağlı Azərbaycanın nümunəvi təcrübəsini xüsusi vurğuladılar.
III MDB Oyunları həm də postmünaqişə dövründə Azərbaycanın gücünü və birləşdirici rolunu nümayiş etdirdi. Qarabağda və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesi ilə paralel olaraq beynəlxalq tədbirlərin təşkili göstərdi ki, Azərbaycan təkcə öz ərazilərini bərpa etmir, həm də regionda sülh və inkişaf üçün yeni mərhələnin əsasını qoyur. Xankəndidə yarışların keçirilməsi bu baxımdan həm rəmzi, həm də siyasi əhəmiyyət daşıyırdı – bu, Azərbaycan suverenliyinin real göstəricisi və sülhün idman dili ilə təcəssümüdür.
Bu oyunlar Azərbaycanın idmançılar üçün yaratdığı şəraitin, gənclərə göstərdiyi dəstəyin və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq iradəsinin parlaq nümunəsidir. Oyunların sonunda qaliblərin və iştirakçıların üzlərindəki sevinc və qürur hissi göstərdi ki, bu tədbir yalnız medallar uğrunda mübarizə deyil, dostluq və həmrəyliyin bayramı idi.
Nəticə etibarilə, III MDB Oyunları Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirdi, ölkəmizi bir daha sülh, inkişaf və əməkdaşlıq məkanı kimi tanıtdı. Bu kimi tədbirlər Müstəqil Dövlətlər Birliyi daxilində qarşılıqlı hörmətə, bərabərhüquqlu münasibətlərə və ümumi dəyərlərə əsaslanan yeni əməkdaşlıq mühitinin formalaşmasına təkan verir.
Gəncə şəhərinin tarixi, mədəni və mənəvi aurası ilə bəzənmiş bu möhtəşəm oyunlar həm Azərbaycan, həm də MDB ölkələri üçün yaddaşlarda uzun müddət qalacaq. III MDB Oyunları göstərdi ki, Azərbaycan regionda birləşdirici qüvvədir, sülh, idman və dostluq dəyərlərinin daşıyıcısı kimi öz missiyasını layiqincə yerinə yetirir.
İslam Bafadarov
Yeni Azərbaycan Partiyasının məsləhətçisi