AnalitikaGündəmSiyasət

Azərbaycan diplomatiyasının əsas prinsipini qarşılıqlı hörmət, əməkdaşlıq və dostluq – sabit gələcəyin açarıdır

2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı, bir daha Azərbaycanın regional əməkdaşlıq, qarşılıqlı hörmət və dostluq siyasətinə sadiqliyini nümayiş etdirdi. Prezidentin sözləri həm səmimiyyət, həm də strateji baxışla seçilərək, müasir beynəlxalq münasibətlərdə etimad və tərəfdaşlıq prinsiplərinə verdiyi önəmi göstərdi.

Prezident İlham Əliyev çıxışında Tacikistanın son illərdə Prezident Emoməli Rəhmonun rəhbərliyi ilə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirdi. O, Düşənbənin son illərdəki sürətli inkişafını və şəhərsalma sahəsində əldə edilən uğurları xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, paytaxtın yeni siması, müasir infrastruktur və memarlıq yenilikləri Tacikistanın dinamik inkişafını və xalqın rifahının artmasını göstərir.

“Düşənbədə dəfələrlə olarkən paytaxtın necə gözəlləşdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir,” – deyə Prezident İlham Əliyev bildirdi. Bu çıxış təkcə bir diplomatik jest deyil, eyni zamanda Azərbaycan–Tacikistan münasibətlərinin dərin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunun sübutudur. Prezident İlham Əliyev vurğuladı ki, iki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi sahə ilə məhdudlaşmır, eyni zamanda humanitar, mədəni və təhsil sahələrində də inkişaf etməkdədir. Azərbaycan və Tacikistan ortaq tarixi köklərə, dini və mənəvi dəyərlərə malik ölkələrdir və bu dəyərlər onların strateji tərəfdaşlıq münasibətlərinin əsasını təşkil edir.

MDB məkanında baş verən geosiyasi proseslər fonunda Prezident İlham Əliyevin çıxışı xüsusilə aktuallıq kəsb edir. O, təşkilat çərçivəsində əməkdaşlığın səmərəli və qarşılıqlı fayda prinsipi əsasında davam etdirilməsinin vacibliyini qeyd etdi. Azərbaycanın MDB-də fəal mövqeyi, regionda sülhün və sabitliyin qorunmasına verdiyi töhfə, bu platformanın əməkdaşlıq üçün mühüm vasitə kimi qalmasına şərait yaradır. Düşənbədə keçirilən bu toplantı həm də Azərbaycan diplomatiyasının regional əlaqələrdə etimad və qarşılıqlı anlayış siyasətinin davamı idi. Prezident İlham Əliyevin səmimi münasibəti, Tacikistanın uğurlarına verdiyi dəyər, MDB üzv dövlətləri arasında qarşılıqlı hörmət mühitini gücləndirən mühüm amillərdən biridir. Azərbaycanın xarici siyasət kursunun əsas məqsədi – müstəqil, balanslaşdırılmış və milli maraqlara söykənən diplomatiyanı davam etdirməkdir. İlham Əliyevin Düşənbədəki çıxışı bu kursun ardıcıl və prinsipial şəkildə həyata keçirildiyini bir daha təsdiqlədi.

Prezident qeyd etdi ki, MDB məkanında qarşılıqlı hörmət, suverenliyə və daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulmuş əməkdaşlıq, regional sabitliyin və iqtisadi inkişafın vacib təminatıdır. Eyni zamanda, İlham Əliyevin çıxışında insani dəyərlərə və xalqlar arasındakı dostluğa xüsusi vurğu edilməsi, onun liderlik üslubunun humanist xarakter daşıdığını nümayiş etdirdi.

Prezidentin sözlərində səmimiyyətlə yanaşı, gələcəyə inam, əməkdaşlığa çağırış və ümumi rifah arzusu duyulurdu. Nəticə etibarilə, Prezident İlham Əliyevin Düşənbədəki çıxışı, Azərbaycanın MDB daxilindəki mövqeyinin gücləndirilməsinə, dost Tacikistanla münasibətlərin daha da inkişafına və ümumilikdə postsovet məkanında etimad mühitinin möhkəmlənməsinə xidmət etdi. Bu, Azərbaycanın regionda dostluq və əməkdaşlıq körpüləri qurmaq istiqamətində ardıcıl və məqsədyönlü siyasət apardığının növbəti göstəricisi oldu.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button