
2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı iki ölkə arasında strateji tərəfdaşlığın və dostluq əlaqələrinin möhkəmlənməsini bir daha təsdiqlədi. Prezident İlham Əliyev çıxışında MDB məkanında əməkdaşlığın dərinləşdirilməsinin, qarşılıqlı hörmət və suverenliyə əsaslanan münasibətlərin qorunmasının vacibliyini vurğuladı.
O, həmçinin Tacikistan ilə Azərbaycan arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyini qeyd etdi.Tacikistan və Azərbaycan tarixi, mədəni və mənəvi dəyərlərlə bir-birinə yaxın ölkələrdir. Hər iki dövlət müstəqillik əldə etdikdən sonra diplomatik əlaqələr 1992-ci ildə qurulub və o vaxtdan etibarən əməkdaşlıq müxtəlif sahələrdə ardıcıl şəkildə genişlənib. Son illərdə iki ölkə arasında iqtisadi, nəqliyyat, enerji, mədəniyyət və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi diqqət mərkəzindədir.
Prezident İlham Əliyev çıxışında Tacikistanla əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu bildirərək, bu münasibətlərin regional sabitlik və inkişaf üçün mühüm rol oynadığını vurğuladı. Azərbaycan və Tacikistan bir-birinin beynəlxalq təşəbbüslərini dəstəkləyir, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və MDB platformasında səmərəli əməkdaşlıq edirlər.
İki ölkə arasında ticarət dövriyyəsinin artması, qarşılıqlı səfərlərin intensivləşməsi və biznes forumların keçirilməsi iqtisadi əlaqələrin möhkəmləndirilməsinə təkan verir. 2024–2025-ci illərdə ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunmuşdur.
Tacikistanın alüminium, pambıq və kənd təsərrüfatı məhsullarının Azərbaycana ixracı, Azərbaycanın isə neft-kimya məhsulları, tikinti materialları və elektrotexniki avadanlıqların Tacikistana göndərilməsi bu əməkdaşlığın konkret nəticələridir.Mədəni-humanitar sahədə də əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Bakı və Düşənbə şəhərlərində keçirilən mədəniyyət günləri, təhsil və elm sahəsində tələbə mübadilələri xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Həmçinin, iki ölkənin alimləri və yaradıcı ziyalıları arasında sıx elmi-mədəni əməkdaşlıq formalaşıb.Azərbaycan və Tacikistanın dövlət başçıları – İlham Əliyev və Emoməli Rəhmon arasındakı dostluq və qarşılıqlı etimad münasibətləri ikitərəfli əlaqələrin əsas dayaq nöqtəsidir. Hər iki liderin siyasi iradəsi nəticəsində bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Prezident İlham Əliyevin Düşənbədəki çıxışı bu istiqamətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, Tacikistan ilə Azərbaycan arasındakı münasibətlər qarşılıqlı hörmət, etimad və səmərəli əməkdaşlıq prinsiplərinə əsaslanır. İki ölkə arasında yaranmış bu möhkəm siyasi və iqtisadi körpü regionda sabitlik, inkişaf və dostluğun təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin Düşənbədəki çıxışı isə bu münasibətlərin daha da dərinləşəcəyinə əminlik yaradır.
Sevinc Qəhrəmanova
Yeni Azərbaycan Partiyası,məsləhətçi