
“Prezident İlham Əliyevin Tacikistan səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Düşənbədə keçirilən görüşlərdə və tədbirlərdə müşahidə olunanlar bir daha Prezident İlham Əliyevin rasionallığını, praqmatikliyini, Azərbaycanın isə qüdrətini, siyasi-psixoloji və diplomatik üstünlüyünü isbatladı”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, bu gün Avrasiya geosiyasi məkanının mühüm aktoru olan Azərbaycan MDB, xüsusilə də Mərkəzi Asiya ölkələri və Rusiya üçün xüsusi önəm kəsb edən dövlətdir: “Avrasiya geosiyasi məkanında enerji xəritəsini dəyişməyi bacaran və sinergetik əməkdaşlıq münasibətləri formalaşdıran Azərbaycan indiki beynəlxalq şəraitdə həm Rusiya, həm Mərkəzi Asiya ölkələri, həm də Ermənistan üçün xüsusi önəm kəsb edir. Çünki Azərbaycan Mərkəzi Asiya ölkələrinin ənənəvi və qeyri-ənənəvi enerji resurslarını Avropa bazarlarına çıxaran, onu xalis gəlirə çevirən mərkəz aktordur. Bu gün sanksiyalar ucbatından iqtisadi dalana dirənmiş Rusiya üçün də Azərbaycanın nəqliyyat və enerji infrastrukturu həyati əhəmiyyət kəsb edir. Eləcə də “Zəngəzur” dəhlizinin reallaşdırılması ilə həm Ermənistanın, həm də digər MDB ölkələrinin Orta Dəhlizin iştirakçısı olmaq, ondan faydalanmaq imkanını formalaşdırır. Bir sözlə, bu və digər məsələlər Düşənbədə Azərbaycanı bir daha diqqət mərkəzinə gətirdi”.
“Tacikistanda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü də mühüm məqam kimi izlənilirdi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu görüş iki ölkə arasında münasibətlərin bundan sonra müsbət dinamika almasına səbəb olmaqla yanaşı Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin milli maraqlarının təmin olunması prizmasından da əlamətdar oldu: “Xüsusən də, AZAL-ın təyyarə qəzası ilə bağlı Prezident İlham Əliyevin Rusiya qarşısında tələb olaraq qaldırdığı məsələlər də öz həllini tapdı. Eyni zamanda, bu görüş humanitar xarakterli problemlərindən aradan qaldırılmasına təkan verəcək. Bir sözlə, Prezident İlham Əliyevin Tacikistan səfəri milli maraqların qorunması və təminatı baxımdan əlamətdar hadisə kimi tarixə düşdü”.