AnalitikaGündəmSiyasət

Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü Türk birliyinin inkişafında yeni mərhələ açdı

7 oktyabr 2025-ci il tarixində Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Görüşdə dövlət və hökumət başçılarını Prezident İlham Əliyev qarşılayıb, daha sonra birgə foto çəkdirilib. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Türk dünyasının birliyinin və əməkdaşlığının gələcək istiqamətlərindən danışıb.

Prezident İlham Əliyev çıxışında bildirib ki, son illər Türk Dövlətləri Təşkilatı çərçivəsində mühüm layihələr həyata keçirilir və bunun nəticəsində iqtisadi inteqrasiya, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq dərinləşir. Onun sözlərinə görə, yaradılan fondlar və mexanizmlər vasitəsilə yeni layihələrin icrası bölgənin dayanıqlı inkişafına xidmət edir.

Dövlət başçısı vurğulayıb ki, ortaq tarixi, etnik və mədəni köklər, eləcə də ortaq dil və dəyərlər Türk dövlətlərini bir ailə kimi birləşdirir. Bu mənada 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın böyük tarixi əhəmiyyət daşıdığını qeyd edən Prezident, gələn il Qurultayın 100 illiyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif edib.

Prezident İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpasına göstərilən qardaş dəstəyinə görə bütün iştirakçı dövlətlərə təşəkkürünü bildirib. O, bu dəstəyi Türk həmrəyliyinin bariz nümunəsi kimi dəyərləndirib: “Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir.

Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri isə bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.”

Prezidentin çıxışı sonda Türk Dövlətləri Təşkilatının güclənməsi, xalqların rifahı və regionun təhlükəsizliyinə yönəlmiş ümumi səylərin davam etdiriləcəyinə inamla tamamlanıb.

Qəbələdə keçirilən bu Zirvə Görüşü Türk dünyasının həmrəyliyinin növbəti təntənəsi kimi yadda qalıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, qəbul ediləcək qərarlar TDT-nin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirəcək, Türk dövlətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini yeni mərhələyə yüksəldəcək.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button