AnalitikaGündəmSiyasət

Azərbaycanın azad edilmiş ərazilərində Türk dövlətlərinin iştirakı ilə reallaşan humanitar və infrastruktur layihələr Türk həmrəyliyinin real təzahürüdür

Ölkəmizin ev sahibliyi etdiyi bu Zirvə görüşü regionda sabitlik, əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində atılan məqsədyönlü addımların davamı olub. Qəbələnin həmin tədbir üçün məkan olaraq seçilməsi təsadüfi deyil, şəhərin zəngin tarixi irsi, mədəni dəyərləri və strateji mövqeyi türk dövlətləri arasında formalaşan həmrəyliyin bariz nümunəsinə çevrilib. Türk Dövlətləri Təşkilatı əməkdaşlıq platforması olmaqla, qlobal səviyyədə siyasi və iqtisadi təsir gücünə malik aktora çevrilməkdədir.

Təşkilat üzv dövlətlərin geostrateji mövqeyi, iqtisadi potensialı, təbii resursları və artan hərbi-texniki imkanları sayəsində beynəlxalq münasibətlər sistemində önəmli faktor statusu qazanıb. Bu reallıq TDT-nin institusional quruluşunun möhkəmləndirilməsi zərurətini də ortaya qoyur. Prezident İlham Əliyevin TDT Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon ABŞ dolları məbləğində ianə ayırması Azərbaycanın təşkilatın dayanıqlı inkişafına verdiyi əməli töhfənin göstəricisidir. Bununla da dövlətimiz TDT-nin güclənməsini, qərar qəbul etmə mexanizmlərinin təkmilləşməsini və ortaq strategiyaların həyata keçirilməsini prioritet istiqamət kimi önə çəkir.

Türk xalqlarının ortaq tarixi, etnik və mənəvi dəyərlərə sahib olduqları barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir: “Dövlət başçısının çıxışında türk xalqlarını bir ailə kimi birləşdirən dəyərlərlə bağlı ifadə olunan fikirlər əslində türk dünyasının tarixi inkişaf konsepsiyasının qısa xülasəsi idi. Bu birlik coğrafi sərhədləri aşan ideya olmaqla yanaşı, müstəqil inkişaf yolunu seçmiş ölkələrin qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində qurulan əməkdaşlıq modelidir. Azərbaycan bu birliyin iqtisadi və siyasi təməllərinin möhkəmlənməsi üçün konkret addımlar atır. Katibliyin hesabına 2 milyon ABŞ dolları ianənin köçürülməsi də məhz bu istiqamətdə praktiki dəstəyin ifadəsidir.

Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə artan nüfuzu həm qlobal, həm də regional güc balansında yeni reallıqlar yaradır. Daxili sabitlik, demoqrafik üstünlük, strateji resurslar və artan hərbi potensial təşkilatı qlobal arenada etibarlı aktora çevirir. Cənab Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, bu gün türk dünyası təkcə tarixi bağlarla deyil, həm də müasir çağırışlara çevik cavab vermək bacarığı ilə seçilir. Bu, birliyimizin davamlılığını təmin edən əsas amildir.” Prezident İlham Əliyev Türk dünyasının birliyini yalnız siyasi və iqtisadi maraqlarda deyil, həm də ortaq tarixi və mədəni köklərdə görür. Onun 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması təklifi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin təşəbbüs türk xalqlarının ortaq yaddaşının qorunması, dil və mədəniyyətin gələcək nəsillərə ötürülməsi, eyni zamanda təhsil və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər.

Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf mərhələsi göstərir ki, Türk dünyasının inteqrasiyası strateji reallıqdır. Azərbaycan bu reallığın əsas memarı və lokomotiv gücü kimi çıxış edir. Qlobal miqyasda yeni güc bölgüsünün formalaşdığı bir dövrdə TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından sıx inteqrasiyası Avrasiyada balans yaradan yeni geosiyasi qütb kimi çıxış edə bilər. Gələcək onillikdə TDT-nin hədəfi yalnız türkdilli dövlətlərin maraqlarını qorumaq deyil, həm də beynəlxalq münasibətlər sistemində sabitlik, dialoq və inkişaf üçün nümunəvi model yaratmaq olmalıdır. Azərbaycanın təşəbbüsləri bu istiqamətdə həm strateji liderlik, həm də istiqamətverici rol oynayır. Beləliklə, Türk dünyasının birliyi artıq ideya deyil, formalaşmaqda olan qlobal gücün siyasi reallığıdır.

Bədiyyə Sadıqova
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button