AnalitikaGündəmSiyasət

Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi güc mərkəzi kimi formalaşmaqdadır

Son illər Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi güc mərkəzi kimi formalaşmaqdadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün təşkilat artıq sadəcə əməkdaşlıq platforması deyil, ortaq dəyərlər, mədəniyyət və maraqlar üzərində qurulmuş bir güc birliyidir.

Azərbaycanın təşkilata verdiyi 2 milyon dollarlıq maliyyə dəstəyi bu birliyin inkişafına konkret töhfədir. Qardaş dövlətlər arasında iqtisadi və siyasi əlaqələrin dərinləşməsi, nəqliyyat-logistika sahəsində reallaşan layihələr və hərbi əməkdaşlıq TDT-ni qlobal səviyyədə etibarlı tərəfdaşa çevirib.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, sülh və təhlükəsizlik olmadan davamlı inkişaf mümkün deyil. Bu baxımdan türk dövlətləri arasında hərbi əməkdaşlığın genişləndirilməsi və birgə təlimlərin keçirilməsi zəruridir. Azərbaycanın təklifi ilə 2026-cı ildə üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimi təşkil olunacaq ki, bu da birliyin müdafiə potensialını daha da artıracaq.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər və 2023-cü ilin antiterror tədbirləri ölkənin ərazi bütövlüyünü bərpa etməklə regionda ədalət və sabitliyin təmininə mühüm töhfə oldu. Vaşinqtonda paraflanan sülh sazişi və ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması Cənubi Qafqazda sülh erasının başlanğıcını göstərir.

TDT çərçivəsində nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə əsas tranzit mərkəzinə çevrilərək, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri arasında körpü rolunu oynayır. Orta Dəhlizlə yükdaşımaların 90 faiz artması, Ələt Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti bu sahədə Azərbaycanın mövqeyini möhkəmləndirib.

Eyni zamanda, Zəngəzur dəhlizinin açılması həm Orta Dəhliz, həm də Şimal-Cənub marşrutu üçün yeni strateji imkanlar yaradır. Bu, türk dünyasının iqtisadi inteqrasiyasını, regionun isə dayanıqlı inkişafını təmin edəcək.

Azərbaycan enerji təhlükəsizliyi sahəsində də etibarlı tərəfdaş kimi çıxış edir. 14 ölkəyə qaz ixrac edən ölkəmiz eyni zamanda bərpaolunan enerji sektoruna böyük sərmayələr yatırır. 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin günəş, külək və su elektrik mənbələrindən əldə olunması planlaşdırılır.

Prezident İlham Əliyev çıxışında həmçinin ortaq mədəni köklərin və dil birliyinin əhəmiyyətini vurğulayaraq, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin gələn il TDT çərçivəsində təntənəli qeyd olunmasını təklif etdi. Bu təşəbbüs türk xalqlarının elmi və mədəni birliyinin möhkəmlənməsinə xidmət edəcək.

Dövlət başçısı çıxışının sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasına göstərilən qardaş dəstəyə görə Türk dünyasına təşəkkürünü ifadə etdi. Füzuli, Ağdam və Cəbrayılda inşa edilən məktəblər, yollar və məscidlər türk həmrəyliyinin canlı simvoludur.

Aytac Məhərrəmli
Yeni Azərbaycan Partiyası
Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button