
“Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) artıq sadəcə regional əməkdaşlıq platforması deyil, qlobal miqyasda nüfuzlu geosiyasi mərkəz kimi formalaşır. Prezident İlham Əliyevin son çıxışı da göstərdi ki, türk dünyası öz tarixi birliyini strateji gücə çevirərək beynəlxalq münasibətlər sistemində mühüm rol oynamaqdadır. Azərbaycanın TDT-yə verdiyi dəstək həm siyasi, həm də iqtisadi baxımdan önəmlidir. Ölkəmiz Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürməklə təşkilatın institusional güclənməsinə mühüm töhfə vermişdir. Azərbaycanın daxili sabitliyi, gənc əhalisi, nəqliyyat-logistika potensialı və hərbi gücü isə türk birliyinin strateji dayaqlarından biridir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
O bildirib ki, Prezident İlham Əliyev çıxışında sülh və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu vurğulayıb. O qeyd edib ki, beynəlxalq hüququn kobud şəkildə pozulduğu dövrdə hərbi və hərbi-texniki əməkdaşlıq türk dövlətləri üçün həyati əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan və Türkiyə arasında son illərdə 25-dən artıq birgə təlimin keçirilməsi türk həmrəyliyinin praktik təzahürüdür. Dövlət başçısı 2026-cı ildə TDT üzv ölkələrinin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsini təklif etməklə bu əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyib.
“Prezident İlham Əliyev türk xalqlarını birləşdirən ortaq tarix, dil və mədəniyyətin əhəmiyyətini də xüsusi qeyd edərək, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin gələn il TDT çərçivəsində qeyd olunmasını təklif edib. Bu təklif türk mədəni irsinin qorunmasına və elmi əməkdaşlığın dərinləşməsinə yeni nəfəs verəcək. Prezident İlham Əliyev qardaş ölkələrin Qarabağ və Şərqi Zəngəzurun bərpasına göstərdiyi yardımı yüksək qiymətləndirərək qeyd edib ki, Füzuli, Ağdam, Cəbrayıl və digər şəhərlərdə qardaş dövlətlərin inşa etdiyi məktəblər və məscidlər türk birliyinin sarsılmaz təcəssümüdür”.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı artıq ortaq tarixdən gələcək güc mərkəzinə çevrilir. Azərbaycanın bu prosesdə liderliyi, təşəbbüsləri və praqmatik diplomatiyası Türk dünyasının qlobal siyasətdə nüfuzunun möhkəmlənməsində həlledici rol oynayır.