AnalitikaGündəmSiyasət

Türk Dövlətləri Təşkilatı: qlobal geosiyasi aktor və strateji müttəfiqlik modeli

“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü mühüm geosiyasi hadisə kimi tarixə düşdü. Çünki uzun illərdir birgə əməkdaşlıq formulları üzərində çalışan Türk dövlətləri bu gün artıq Türk Dövlətləri Təşkilatı çətirində mühüm geosiyasi mərkəzlərdən birinə çevrilir. Ortaq etnik və mədəni köklərə əsaslanan birlik modeli olan Türk Dövlətləri Təşkilatı həm də siyasi, iqtisadi və təhlükəsizlik sahəsində birgə əməkdaşlıq və koordinasiya edilmiş münasibətlər platforması kimi formalaşır. Bu təşkilat artıq mədəni birlik çərçivəsindən çıxaraq, qlobal geosiyasi aktor və strateji müttəfiqlik modelini təqdim edir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı sürətli genişlənir və artıq gündəlikdə təkcə mədəni və humanitar məsələlər deyil, birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı, kibertəhlükəsizlik, strateji informasiya mübadiləsi mexanizmlərinin yaradılması, eləcə də strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər də yer alır: “Təqribən 11 milyon kvadrat kilometr ərazini, 200 milyon nəfərə qədər əhalini ehtiva edən Türk Dövlətləri Təşkilatı Avrasiya geosiyasi məkanının enerji yollarının və nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir, əsas qovşaq rolunda çıxış edir. Çindən başlanan orta dəhlizin Mərkəzi Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Kiçik Asiya-Qara dəniz-Aralıq dənizi bölgəsinə birbaşa nəzarət edən Türk Dövlətləri Təşkilatı bu mühüm strateji mövqeyi ilə qlobal güc balansında əhəmiyyətini artırır. Eyni zamanda, Mərkəzi Asiyadan Avropaya uzanan neft-qaz infrastrukturu da bu gün Türk Dövlətləri Təşkilatının nəzarət məkanındadır və Avrasiyada enerji təhlükəsizliyinin təminatında açar rolunu oynayır. Eləcə də yaxın perspektivdə Mərkəzi Asiyadan başlanan Xəzərin dibi ilə Avropaya qədər gedəcək yaşıl enerji koridoru da Türk Dövlətləri Təşkilatının birbaşa nəzarətində olacaq. Bütün bu sadalanan iqtisadi əməkdaşlıq imkanları adı çəkilən bölgəyə davamlı sülh, rifah, təhlükəsizlik gətirəcək. Bu da öz növbəsində Türk Dövlətləri Təşkilatının siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha sıx inteqrasiya olunmuş müttəfiqlik modelinə çevirir. Şübhə yoxdur ki, gələcəkdə bu model Yaxın Şərq kimi regionlarda da alternativ sabitlik və inkişaf nümunəsi olaraq qəbul ediləcək”.

“Əlbəttə ki, Türk Dövlətləri Təşkilatının qlobal aktora çevrilməsi prosesində aktiv işləyən, mühüm töhfələri ilə seçilən, təşkilatda lokomotiv rolunu oynayan Azərbaycandır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zənguzuru belə Türk Dövlətləri Təşkilatı üzvlərinin həmrəyliyinin və birgə əməkdaşlığının xüsusi nümunəsinə çevirib: “Qardaş dövlətlərin dəstəyi ilə sözgüdən ərazilərdə məktəblər, yaradıcılıq mərkəzləri inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları yaradılıb, infrastruktur və sosial layihələr həyata keçirilib və bu proses hazırda davam etdirilməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.

Oxşar Xəbərlər

Back to top button