AnalitikaGündəmSiyasət

Azərbaycan hazırda Avropa İttifaqı ilə enerji, nəqliyyat, yaşıl keçid və ticarət sahələrində bir sıra layihələr həyata keçirir

30 sentyabr 2025-ci il tarixində İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Prezident Mattarella arasında keçirilən görüşlərdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyevin bəyanatında Azərbaycan-İtaliya münasibətlərinin strateji mahiyyəti, enerji sahəsində əməkdaşlıq, təhsil və humanitar əlaqələr, eləcə də regional və beynəlxalq əməkdaşlıq məsələləri geniş şəkildə əksini tapıb. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda ilk növbədə İtaliya ilə Azərbaycan arasında mövcud olan sıx əlaqələrə diqqət çəkib.

O bildirib ki, iki ölkə arasında münasibətlər təkcə dostluğa deyil, eyni zamanda strateji tərəfdaşlığa əsaslanır. Bu tərəfdaşlıq bir çox sahələri əhatə edir və illər ərzində qarşılıqlı etimada əsaslanan əməkdaşlıq nümunəsinə çevrilib. Prezident İlham Əliyev qeyd edib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ilin göstəricilərinə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Azərbaycanın neft və qaz ixracında İtaliya əsas istiqamətlərdən biridir. Bu əməkdaşlıq qarşılıqlı iqtisadi maraqlara əsaslanmaqla yanaşı, eyni zamanda enerji təhlükəsizliyinin təmin olunmasına da xidmət edir. Bəyanatda enerji sektoru üzrə əməkdaşlıq xüsusi yer tutub. Prezident İlham Əliyev bildirib ki, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazı artıq bir neçə ildir ki, İtaliyaya ixrac olunur. Bu layihə yalnız ikitərəfli deyil, həm də regional və qlobal enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir.

Prezident çıxışında vurğulayıb ki, Azərbaycan bu gün 14 ölkəyə təbii qaz ixrac edir və bu siyahı gələcəkdə daha da genişlənə bilər. Bununla yanaşı, hazırda Azərbaycan və Avropa İttifaqı arasında yaşıl enerji sahəsində əməkdaşlıq da inkişaf etdirilir. Xüsusilə Xəzər dənizinin dibi ilə çəkiləcək elektrik ötürücü xətlər vasitəsilə Azərbaycandan Avropaya yaşıl enerji ixracı planlaşdırılır. Bu layihələr həm Azərbaycan iqtisadiyyatı, həm də Avropanın enerji keçidi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev humanitar və təhsil sahələrindəki əməkdaşlığa da toxunaraq bildirmişdir ki, Azərbaycanda İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Artıq yüzlərlə tələbə bu ali təhsil müəssisəsində təhsil alır. Universitet iki ölkə arasında dostluğun və qarşılıqlı anlaşmanın rəmzinə çevrilməkdədir.

Prezident qeyd edib ki, bu universitet yalnız elm və təhsil mərkəzi olmaqla kifayətlənmir, eyni zamanda gənclər arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu da uzunmüddətli strateji əməkdaşlığın mühüm hissəsidir. Çıxış zamanı Prezident İlham Əliyev İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafında mühüm rol oynadığını vurğulayıb. Azərbaycan hazırda Avropa İttifaqı ilə enerji, nəqliyyat, yaşıl keçid və ticarət sahələrində bir sıra layihələr həyata keçirir.

İtaliya bu proseslərdə həm siyasi, həm də texniki baxımdan Azərbaycana dəstək göstərir. Bu dəstək sayəsində Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir. Prezident Əliyev bildirib ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcək və hər iki tərəf üçün qarşılıqlı fayda verəcək. Prezident İlham Əliyevin 30 sentyabr tarixli bəyanatı bir daha göstərdi ki, Azərbaycan və İtaliya arasında münasibətlər yüksək səviyyədədir və bu münasibətlər müxtəlif sahələr üzrə davamlı şəkildə inkişaf etdirilir. Enerji, ticarət, təhsil və mədəniyyət sahələrində atılan addımlar hər iki dövlətin milli maraqlarına cavab verir və qarşılıqlı etimada əsaslanır. Bu səfər və bəyanatlar Azərbaycan-İtaliya əməkdaşlığının yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Gələcək illərdə bu əlaqələrin daha da möhkəmlənməsi və yeni sahələri əhatə etməsi gözlənilir.

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button