
1993-cü ilin payızı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Ölkə ağır siyasi, iqtisadi və hərbi böhran içində idi. Daxili çəkişmələr, idarəetmədə xaos, torpaq itkiləri, iqtisadi tənəzzül və vətəndaş narazılığı dövlətin varlığını təhlükə altına salmışdı. Belə bir şəraitdə xalq xilası yolu kimi böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin siyasi səhnəyə qayıdışını gördü. 3 oktyabr 1993-cü ildə keçirilən ümumxalq seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu gün Azərbaycan tarixində mühüm siyasi mərhələnin başlanğıcı kimi yadda qaldı. Prezident seçildikdən sonra Heydər Əliyevin qarşısında ən böyük vəzifə dövlətçiliyi qorumaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qalan ölkəni birləşdirmək idi.
O, ilk gündən milli həmrəylik, dövlət intizamı və qanunun aliliyinin təmin olunmasını əsas prioritet kimi müəyyənləşdirdi. Məhz onun qətiyyəti sayəsində ölkədə siyasi sabitlik bərqərar olmağa başladı. 1993-cü ilin mürəkkəb hərbi-siyasi şəraitində Heydər Əliyev ordu quruculuğunu gücləndirməyə və nizami ordunun formalaşdırılmasına xüsusi diqqət yetirdi. Onun rəhbərliyi ilə atəşkəs razılaşmasına nail olunması və ordunun təşkilatlanması Azərbaycan dövlətçiliyi üçün həyati əhəmiyyət daşıyırdı.
Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkədə iqtisadi islahatların əsasları qoyuldu. Dövlət müstəqilliyinin qorunması üçün iqtisadi müstəqilliyin təmin edilməsinin vacibliyini vurğulayan Ulu Öndər, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına şərait yaratdı. Bu hadisə Azərbaycanın dünya enerji xəritəsində önəmli yer tutmasına və iqtisadi inkişaf yoluna çıxmasına səbəb oldu.
3 oktyabr seçkiləri sadəcə bir siyasi hadisə deyildi. Bu, xalqın öz dövlətinə sahib çıxmaq iradəsinin ifadəsi idi. Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan dövlətçiliyinin qorunması, müstəqilliyin möhkəmlənməsi və gələcək uğurlar üçün möhkəm təməl oldu. Heydər Əliyevin Prezidentliyi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı idi. Onun uzaqgörən siyasəti, idarəçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxladı, sabitliyə nail oldu və inkişaf strategiyasını müəyyənləşdirdi. 3 oktyabr 1993-cü il – Azərbaycan xalqının dövlətçilik yolunda tarixi seçim günü kimi yaddaşlarda əbədi qalacaq.
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi