
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb və ziddiyyətli bir dövrə qədəm qoymuşdu. Ölkədə siyasi xaos, iqtisadi böhran, ictimai-siyasi sabitsizlik hökm sürür, hakimiyyət uğrunda mübarizə daha da kəskin xarakter alırdı. Xalq azadlıq və istiqlal ideallarına doğru addımlasa da, həmin dövrdə yaranmış ağır vəziyyət müstəqil dövlət quruculuğunu böyük təhlükə ilə üz-üzə qoymuşdu. Dağlıq Qarabağda hərbi təcavüzün genişlənməsi, torpaqlarımızın işğal olunması, vətəndaş qarşıdurmasının güclənməsi ölkəni parçalanma həddinə gətirib çıxarmışdı. Azərbaycanın gələcəyi ilə bağlı böyük suallar qarşıda dayanmış, xalqın taleyi çıxılmaz vəziyyətə düşmüşdü.
Belə bir şəraitdə xalqın nicat yolu olaraq yalnız güclü liderin hakimiyyətə qayıdışı görünürdü. Tarixin məntiqi və xalqın iradəsi göstərirdi ki, ölkəni bu böhrandan çıxara biləcək yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyevdir. Xalqın tələbi ilə onun 1993-cü ildə hakimiyyətə qayıdışı, dövlət idarəçiliyinə rəhbərlik etməsi müstəqil Azərbaycanın xilası üçün dönüş nöqtəsi oldu.
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri məhz bu tarixi çağırışın cavabı idi. Azərbaycan xalqı böyük əksəriyyətlə öz iradəsini ifadə etdi və Heydər Əliyevi ölkənin Prezidenti seçdi. Bu, sadəcə bir seçki deyil, xalqın taleyüklü seçim anı idi. Çünki həmin gün verilən qərar yalnız bir şəxsin hakimiyyətə gəlməsi deyil, həm də Azərbaycan dövlətçiliyinin gələcəyinin təmin olunması demək idi. Seçkilərin nəticələri xalqın böyük etimadının, inam və ümidlərinin təcəssümü idi.
Heydər Əliyevin Prezident seçilməsi ilə ölkədə siyasi sabitliyin bərpası, dövlət idarəçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması istiqamətində fundamental addımlar atıldı. Qısa müddət ərzində parçalanma təhlükəsi yaşayan ölkədə milli həmrəylik formalaşdırıldı, ictimai-siyasi proseslərə sabitlik gətirildi. O, dövlətçiliyin möhkəmlənməsi və xalqın rifahı üçün ardıcıl və sistemli siyasət yürüdərək Azərbaycanı yeni bir inkişaf yoluna çıxardı.
Məhz bu tarixi seçimlə Azərbaycanın gələcək uğurlarının təməli qoyuldu. Xalqın iradəsi ilə hakimiyyətə gələn Heydər Əliyev müstəqil Azərbaycan dövlətini real mənada quran lider oldu. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuz qazandı, regional və qlobal proseslərdə etibarlı tərəfdaş kimi tanındı. Ölkənin iqtisadi əsaslarının möhkəmləndirilməsi, neft strategiyasının həyata keçirilməsi, ordu quruculuğunda aparılan islahatlar Azərbaycanı gələcək inkişaf mərhələsinə hazırladı.
1993-cü il 3 oktyabr seçkiləri təkcə bir siyasi hadisə deyildi, bu, milli qurtuluş yolunun başlanğıcı idi. Bu seçimlə xalq öz taleyini etibarlı əllərə həvalə etdi. O gündən etibarən müstəqil Azərbaycan dövlətinin xilası və inkişafı təmin olundu. Heydər Əliyev Azərbaycan xalqının güvənc yeri, dövlətimizin sabahı üçün əsl təminat oldu.
Bugünkü müstəqil, güclü və qüdrətli Azərbaycan məhz həmin tarixi seçimin bəhrəsidir. Əgər 1993-cü ilin o taleyüklü oktyabr günündə xalq düzgün seçim etməsəydi, bəlkə də bu gün Azərbaycan dövlətçiliyindən danışmaq mümkün olmazdı. Heydər Əliyevin uzaqgörənliyi, dövlətçilik iradəsi və xalqına bağlılığı nəticəsində Azərbaycan müstəqilliyini möhkəmləndirdi, dünya miqyasında söz sahibi olan ölkəyə çevrildi.
Ona görə də 3 oktyabr 1993-cü il seçkiləri təkcə bir tarixi hadisə deyil, həm də xalqın xilası, milli qurtuluşa gedən yolun başlanğıcıdır. Bu gün Azərbaycan xalqı həmin seçimlə fəxr edir, həmin yolla qazanılan uğurların bəhrəsini görür. Xalqın Ulu Öndərə göstərdiyi etimad tarixin ən düzgün qərarı idi və bu qərar Azərbaycanın müstəqillik salnaməsinə qızıl hərflərlə yazıldı.
İslam Bafadarov
Yeni Azərbaycan Partiyasının məsləhətçisi