AnalitikaGündəmSiyasət

Heydər Əliyev – xalqın seçimi, dövlətin qurtuluşudur

1993-cü il Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmuşdur. Ölkə ağır daxili böhran, siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül və xarici təzyiqlərlə üz-üzə qalmışdı. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının dövlətçiliyi ciddi təhlükə qarşısında idi. Qarabağ müharibəsində ağır itkilər, torpaq itiriləri, daxildə hakimiyyət böhranı, separatizm meylləri və xaos Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu şübhə altına alırdı.

Belə bir çətin dövrdə xalqın çağırışı ilə siyasi rəhbərliyə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətin xilaskarı rolunu oynadı. 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, qısa müddətdə ölkədə anarxiyanın qarşısını aldı, dövlət institutlarının dağılmasının qarşısını verdi və cəmiyyətə sabitlik gətirdi. Onun siyasi təcrübəsi, qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, ölkədə siyasi qüvvələr arasında balans yaradıldı.

Məhz bu şəraitdə 3 oktyabr 1993-cü ildə ümumxalq səsverməsi keçirildi və Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə yalnız siyasi seçki deyil, həm də xalqın öz taleyinə verdiyi ən mühüm qərar idi. Azərbaycan xalqı Heydər Əliyevi ölkənin xilası, gələcəyi və inkişafı üçün yeganə ümid kimi qəbul etdi.

Prezident seçildikdən sonra Heydər Əliyev ölkədə hüquqi dövlət quruculuğu, siyasi sabitliyin bərpası, iqtisadi islahatların həyata keçirilməsi və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. Onun uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə atəşkəs əldə edildi və cəbhədə qan tökülməsinin qarşısı alındı.

1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və bu, Azərbaycanın iqtisadi inkişafı üçün möhkəm təməl yaratdı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi və hüquqi dövlət quruculuğu istiqamətində əsas baza formalaşdırıldı. Güclü və peşəkar milli ordu quruculuğu istiqamətində addımlar atıldı. Beynəlxalq əlaqələr genişləndi, Azərbaycan dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunmağa başladı.

Heydər Əliyevin siyasətində ən mühüm məqam Azərbaycanın müstəqilliyini qorumaq, onu əbədi etmək və gələcək inkişaf yolunu müəyyənləşdirmək idi. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin iqtisadiyyatını dirçəltməyə, siyasi sabitliyi təmin etməyə və xalqın rifahını yaxşılaşdırmağa xidmət etdi.

3 oktyabr 1993-cü il seçkiləri təkcə bir siyasi liderin hakimiyyətə gəlişi deyil, Azərbaycan xalqının öz müstəqilliyini qorumaq, gələcəyini sabitlik və inkişaf üzərində qurmaq qərarı idi. Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələnin başlanğıcı oldu.

Bu gün həmin tarixi günə nəzər saldıqda aydın görünür ki, xalqın düzgün seçimi sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxladı, inkişaf və tərəqqi yoluna qədəm qoydu. Heydər Əliyevin siyasi irsi, onun Prezidentliyi dövründə atdığı addımlar müasir Azərbaycanın möhkəm bünövrəsini təşkil etdi. Onun qurduğu dövlətçilik ənənələri bu gün də davam edir və ölkənin davamlı inkişafına xidmət edir.

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası,
məsləhətçi

Oxşar Xəbərlər

Back to top button