AnalitikaGündəmSiyasət

3 Oktyabr 1993 – Heydər Əliyevin Prezident Seçilməsi və Azərbaycanın Qurtuluşudur

zərbaycan dövlətçilik tarixində 3 oktyabr 1993-cü il xüsusi yer tutur. Həmin gün ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və xalqın iradəsi ilə ölkənin taleyində dönüş nöqtəsi baş verdi. Bu hadisə müstəqil Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirən mühüm siyasi mərhələ oldu.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan böyük sınaqlarla üz-üzə qaldı. Ölkədə siyasi sabitlik yox idi, hakimiyyət böhranı yaşanırdı, iqtisadiyyat dağılmaqda idi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğala məruz qalır, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşürdü. Dövlət idarəçiliyində səriştəsizlik, daxili çəkişmələr və anarxiya ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı.

Belə ağır bir dövrdə xalq öz xilaskarını – Heydər Əliyevi hakimiyyətə gətirdi. 1993-cü ilin iyununda xalqın tələbi ilə Bakıya qayıdan Heydər Əliyev dövlət idarəçiliyinə rəhbərlik etməyə başladı. O, öz müdrikliyi, siyasi təcrübəsi və qətiyyəti ilə ölkəni parçalanmaqdan xilas etdi.

3 oktyabr 1993-cü ildə keçirilən seçkilərdə xalq yekdilliklə Heydər Əliyevə səs verdi. Bu, xalqın öz xilaskarına, dövlətçiliyi qorumaq əzmində olan liderə etimadının təntənəsi idi. Seçkilərdə Heydər Əliyevin qələbəsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Artıq ölkənin siyasi taleyi güclü və təcrübəli bir rəhbərin əlinə keçmişdi.

Heydər Əliyev Prezident seçildikdən sonra ən mühüm vəzifə ölkədə sabitliyin təmin olunması idi. Onun həyata keçirdiyi tədbirlər nəticəsində vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət hakimiyyətinin dayaqları möhkəmləndirildi. Azərbaycan xalqı ilk dəfə olaraq güvənə biləcəyi, gələcəyinə ümid bəsləyə biləcəyi bir liderin rəhbərliyi ilə irəliləməyə başladı.

Heydər Əliyev milli birliyin zəruriliyini hər zaman önə çəkdi. Onun qətiyyəti sayəsində separatçı qüvvələrin qarşısı alındı, dövlətçiliyin əsasları möhkəmləndirildi. Xalq özündə dövlətinə inam hissini bərpa etdi.

1993-cü ildən sonra Heydər Əliyev Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmək üçün mühüm addımlar atdı. O, ölkəyə sərmayələrin cəlb olunması üçün əlverişli şərait yaratdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasını müəyyənləşdirdi və ölkənin iqtisadi inkişafının təməlini qoydu.

Eyni zamanda, hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımlar atıldı. Yeni Konstitusiya qəbul olundu, dövlət idarəçiliyində demokratik prinsiplər təsbit edildi. Azərbaycan beynəlxalq aləmdə tanındı, nüfuz qazandı və müstəqilliyini daha da möhkəmləndirdi.

Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan yalnız müstəqilliyini qoruyub saxlamaqla kifayətlənmədi, həm də inkişaf və tərəqqi yoluna qədəm qoydu. Onun uzaqgörən siyasəti nəticəsində ölkə dünya birliyinin layiqli üzvünə çevrildi. Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr etdi və dövlətçiliyin memarı olaraq tarixə düşdü.

3 oktyabr 1993-cü il Azərbaycan xalqı üçün sadəcə bir seçki tarixi deyil, həm də xilaskar günüdür. Həmin gün Azərbaycan müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün əvəzolunmaz liderini seçdi. Heydər Əliyevin Prezidentliyi ilə ölkədə sabitlik, inkişaf və milli birliyin əsası qoyuldu.

Bu gün də Azərbaycan xalqı həmin tarixi günü minnətdarlıqla xatırlayır. Heydər Əliyevin rəhbərliyi ilə başlanmış yol müasir, güclü və müstəqil Azərbaycanın təməlini təşkil edir. 3 oktyabr isə hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür.

Murad Zeynalov
Yeni Azərbaycan Partiyası,Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button