
3 oktyabr 1993-cü il Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış günlərdən biridir. Həmin gün keçirilən ümumxalq seçkilərində Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, yalnız bir seçki prosesi deyil, həm də xalqın öz gələcəyinə verdiyi ən mühüm qərarlardan biri idi.
1990-cı illərin əvvəlləri ölkəmiz üçün çox ağır dövr idi. Siyasi böhran, vətəndaş qarşıdurmaları, iqtisadi tənəzzül və xarici təhdidlər müstəqilliyimizi təhlükə altına qoymuşdu. Dövlət idarəçiliyində yaranmış xaos Azərbaycanı parçalanma və dağılma təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalqımız məhz belə bir tarixi məqamda çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü.
15 iyun 1993-cü ildə Milli Məclisin sədri seçilən Heydər Əliyev qısa zamanda dövlət idarəçiliyinə rəhbərliyi ələ aldı və ölkədə sabitliyin bərpasına nail oldu. Lakin bu prosesin möhkəmlənməsi üçün xalqın seçimi mühüm idi. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev ümumxalq etimadını qazanaraq dövlət başçısı seçildi. Bu seçim Azərbaycan tarixində dönüş nöqtəsi oldu.
Heydər Əliyevin Prezidentliyi dövründə müstəqil dövlət quruculuğu üçün möhkəm təməl atıldı. O, daxildə siyasi sabitliyi təmin etdi, iqtisadi islahatlar həyata keçirdi, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu yüksəltdi. “Əsrin müqaviləsi” kimi tarixi sənədlər ölkəmizin inkişafında yeni mərhələ açdı.
3 oktyabr – xalqın öz liderinə inamının, sabaha olan ümidinin və müstəqilliyimizi qorumaq əzminin simvoludur. Bu gün hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Azərbaycan xalqı həmin tarixdə gələcəyinə sahib çıxdı və dövlətçiliyini əbədi etmək iradəsini ortaya qoydu.
Şahzadə Abdurəhmanova,
YAP-ın gənc fəal