AnalitikaGündəmSiyasət

27 Sentyabr – Qələbəyə Aparan Yol

Azərbaycanın tarixi yaddaşında 27 sentyabr xüsusi məna kəsb edir. 2020-ci ilin məhz bu günündə xalqımız 30 ilə yaxın davam edən ədalətsizliyə son qoymaq üçün ayağa qalxdı. Qarabağ münaqişəsinin kökləri Sovet İttifaqının süqut dövrünə gedib çıxır. 1988-ci ildən etibarən Ermənistan silahlı qüvvələrinin və separatçı qüvvələrin hücumları nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarımız işğal edilməyə başlandı. 1990-cı illərin əvvəllərində müharibə genişmiqyas aldı və 1994-cü ilin 12 mayında Ulu Öndər Heydər Əliyevin başçılığı altında imzalanan atəşkəsə qədər davam etdi. Bu müddət ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları. Nəticədə 1 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından didərgin düşdü, minlərlə mülki şəxs qətlə yetirildi, yüzlərlə kənd və şəhər dağıdıldı, Azərbaycanın tarixi və mədəni irsi məhv edildi. Münaqişənin həlli üçün müəyyən mexanizmlər formalaşdırılsa da, onlar nəticəsiz qaldı. 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu əsas vasitəçi qurum kimi tanınırdı, lakin illərlə aparılan danışıqlar heç bir səmərə vermədi. Ermənistan status-kvonu qoruyaraq işğalı davam etdirdi, böyük dövlətlər isə prosesin uzadılmasına göz yumdular. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul etdi və işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Lakin Ermənistan bu sənədlərə məhəl qoymadı, beynəlxalq təşkilatlar isə onların icrasını təmin edə bilmədi. Beləliklə, Azərbaycan xalqı illərlə beynəlxalq hüququn bərpa olunacağı günü gözlədi, amma ədalət yalnız 2020-ci ildə öz gücümüzlə bərpa edildi. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən birinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin düzgün və qətiyyətli siyasəti, ordumuzun gücü, xalqımızın həmrəyliyi və əzmi “dəmir yumruq” kimi birləşərək düşmən üzərində tarixi qələbə qazandırdı. Bu, yalnız hərbi əməliyyat deyildi, həm də diplomatik uğur idi. Azərbaycanın haqq səsi bütün dünyaya çatdırıldı, beynəlxalq hüququn prinsipləri və BMT qətnamələri faktiki olaraq həyata keçirildi. 30 illik həsrət sona çatdı, işğal altındakı torpaqlarımız azad edildi və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Lakin bu qələbə böyük fədakarlıq bahasına başa gəldi. Minlərlə igid oğullarımız şəhidlik zirvəsinə ucaldı, onların qəhrəmanlığı və qanı ilə yazılmış tarix bu gün müstəqilliyimizin və azadlığımızın ən möhkəm dayağıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı nəticəsində 27 sentyabr “Anım Günü” kimi qeyd olunur və bu gün hər il xalqımız şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir. 27 sentyabr həm kədərin, həm də qürurun günüdür. Qarabağ uğrunda verilən mübarizə sadəcə torpaqların qaytarılması deyildi, bu həm də milli ləyaqətin, tarixi ədalətin və dövlətimizin gücünün təsdiqi idi. Şəhidlərimizin ruhu qarşısında baş əyərək, bu gün biz həm qələbəni, həm də fədakarlığı birlikdə xatırlayırıq.

Müşərrəf Kərimli
YAP-ın Fəalı

Oxşar Xəbərlər

Back to top button