
“BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinin və diplomatik xəttinin uğurla davam etməsinin bariz göstəricisi oldu. Prezident İlham Əliyev tribunadan səsləndirdiyi fikirlərlə göstərdi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazda sülhün və sabitliyin təminatçısı deyil, eyni zamanda qlobal gündəliyin formalaşmasında söz sahibi olan etibarlı tərəfdaşdır. COP29-a ev sahibliyi, beynəlxalq ədalət çağırışı, iqtisadi nailiyyətlərin vurğulanması ölkəmizin həm regional, həm də qlobal miqyasda nüfuzunun daha da artdığını nümayiş etdirdi”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, bu çıxışın əhəmiyyəti ondadır ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, dünya birliyinə də yeni mesajlar verdi: ədalət selektiv olmamalıdır, beynəlxalq hüquq hər kəs üçün bərabər işləməlidir. Bu çağırış yalnız Qarabağ münaqişəsinin yekunları ilə bağlı deyil, ümumilikdə beynəlxalq münasibətlər sisteminin böhranına ünvanlanan prinsipial mövqedir.
BMT tribunasından səslənən bu mövqelər Azərbaycanın diplomatiyasını yeni mərhələyə yüksəltdi. Bu gün Azərbaycan öz inkişaf modeli, sosial-iqtisadi uğurları və regional təşəbbüsləri ilə nümunə göstərir, eyni zamanda beynəlxalq müzakirələrin fəal iştirakçısına çevrilir.
Onun sözlərinə görə, qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın artan siyasi çəkisinin, etibarlı tərəfdaş imicinin və müstəqil diplomatiyasının təsdiqi kimi yadda qaldı. Bu, həm ölkəmizin milli maraqlarının qorunması baxımından, həm də beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından xüsusi uğurdur.